N/A°C Bakı
1$ = 1.70₼
Hadisə

Rusiya rəsmiləri Putinin iqamətgahına hücumda MKİ-dən şübhələnirlər

05-yanvar-2026
Türkan Nəbi
Rusiya rəsmiləri Putinin iqamətgahına hücumda MKİ-dən şübhələnirlər
Yazı Ölçüsü:

Ukrayna qüvvələrinin Rusiya Prezidentinin iqamətgahına hücum etməsi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yardımı olmadan qeyri-mümkün olardı.

"PostMedia" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa bildirib.

Onun sözlərinə görə, Trampın bu məsələ ilə bağlı mövqeyini dəyişməsinin səbəbi də budur.

"Mən dərhal deyirdim ki, xüsusi xidmət orqanlarının dəstəyi olmadan bu mümkün deyil. Xüsusi xidmət orqanları isə ilk növbədə MKİ-dir. Onlar hadisədən bir neçə saat sonra verdikləri məlumatda hücumun olmadığını demişdilər. Lakin hücum baş verib və faktlar bunu sübut edir", – deyə Çepa qeyd edib.

Deputatın sözlərinə görə, Ukrayna ordusu Putinin Novqoroddakı iqamətgahına 91 dronla zərbə endirib, lakin onlar raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.

Xəbər verdiyimiz kimi, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna qüvvələrinin Vladimir Putinin iqamətgahına dronlarla hücum etdiyinə inanmadığını bəyan etmişdi.

Bundan əvvəl, dekabrın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Silahlı Qüvvələrinin Putinin Novqorod iqamətgahına hücum etdiyini bildirmişdi. "The Wall Street Journal"ın yazdığına görə, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi bu bəyanata inanmayıb. Daha sonra Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirdi ki, vurulmuş dronun deşifrə edilmiş marşrut məlumatları və idarəetmə pultu ABŞ-nin Moskvadakı səfirliyinin hərbi attaşesinə təhvil verilib.

Kateqoriyalar