Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkədə qanunsuz qaldığı müəyyən edilən, 1997-ci il təvəllüdlü Türkiyə vətəndaşı B.G.-ni saxlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə “Georgia Online” məlumat yayıb.
Departamentin açıqlamasına görə, saxlanılan şəxs oğurluq, hücum, dələduzluq və həbsxanadan qaçma ittihamları ilə Türkiyədə axtarışda olub.
DİN-in Miqrasiya Departamenti və Kriminal Polis Mərkəzi İdarəsi arasında sıx əməkdaşlıq nəticəsində müəyyən edilib ki, B.G. Türkiyə Respublikasının hüquq-mühafizə orqanları tərəfindən milli axtarışda olan şəxslər siyahısında olub. O, oğurluq, bədən xəsarəti yetirmə, dələduzluq və həbsxanadan qaçma üzrə məsuliyyətə cəlb olunmalıdır.
Miqrasiya Departamentinin əməkdaşları saxlanılan şəxsi Vale sərhəd-keçid məntəqəsindən deportasiya edərək Türkiyə hüquq-mühafizə orqanlarına təhvil veriblər.
Qurum bildirir ki, Miqrasiya Departamenti “Gürcüstanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunun effektiv icrasını təmin etmək üçün mütəmadi olaraq xüsusi nəzarət tədbirləri həyata keçirir.