Gürcüstan sabiq baş nazir İrakli Qaribaşvili, keçmiş Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili, sabiq baş prokuror Otar Parçxaladze və daha səkkiz nəfərin yaşadıqları evlərdə axtarışlar həyata keçirilib.
"PostMedia" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu bu ölkənin Baş prokuroru Georgi Gvarakidze brifinqdə bildirib.
Onun sözlərinə görə, axtarışlar zamanı müxtəlif elektron qurğular, sənədlər və böyük məbləğdə nağd pul müsadirə edilib.
Baş prokurorun açıqlamasına görə, Gürcüstan Baş Prokurorluğunun İstintaq İdarəsi, Korrupsiya ilə Mübarizə Departamenti və Dövlət Təhlükəsizliyi Xidmətinin strukturları tərəfindən aparılan müxtəlif cinayət işləri üzrə istintaq çərçivəsində bu gün saat 10:00-dan etibarən ölkə üzrə eyni vaxtda 22 ünvanda genişmiqyaslı əməliyyat həyata keçirilib.
Hazırda qeyd olunan işlər üzrə istintaq və əməliyyat-axtarış tədbirləri aktiv şəkildə davam etdirilir.