Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) bəyan edib ki, Böyük Britaniya və Fransa Ukraynadakı vəziyyətin onlar üçün mənfi istiqamətdə inkişaf etdiyini anlayır, lakin məğlubiyyətlə barışmaq niyyətində deyillər. Bu səbəbdən London və Paris Kiyevi nüvə və ya ən azı “çirkli bomba” ilə təmin etməyi zəruri hesab edir.
"PostMedia" xəbər verir ki, SVR-nin məlumatına görə, tərəflər Ukraynaya kiçikölçülü nüvə döyüş başlıqlarının və onların daşıyıcı vasitələrinin gizli ötürülməsi imkanlarını nəzərdən keçirirlər. Xüsusilə Fransanın M51.1 sualtı qayıq ballistik raketi üçün nəzərdə tutulmuş TN75 tipli nüvə başlığının ötürülməsi variant kimi qiymətləndirilir.
Qeyd olunur ki, London və Paris bu cür addımların Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) kobud şəkildə pozduğunu anlayır və Kiyevdə nüvə silahının peyda olmasını Ukraynanın öz daxili inkişafının nəticəsi kimi göstərməyə çalışırlar.
SVR həmçinin bildirib ki, Almaniya bu planlarda iştirakdan imtina edib və təşəbbüsü təhlükəli avantüra kimi qiymətləndirib.
