Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi sabiq energetika naziri Herman Qaluşenkonu çirkli pulların yuyulması ittihamı ilə 60 gün müddətinə həbs edib.
"PostMedia" xəbər verir ki, bu barədə məhkəmənin "YouTube" kanalında yayımlanan iclas zamanı qərar elan olunub. Məhkəmə eyni zamanda onun üçün 200 milyon qrivna (təxminən 4,6 milyon dollar) məbləğində girov müəyyən edib, baxmayaraq ki, prokurorluq daha yüksək – 9,8 milyon dollar girov tələb edirdi.
Qaluşenko bazar günü Ukraynanı tərk etməyə cəhd edərkən qatardan düşürülərək saxlanılıb. O, 2021–2025-ci illərdə Ukraynanın energetika naziri olub, daha sonra ədliyyə naziri postunu tutub. Korrupsiya istintaqı başladıqdan sonra ötən payız vəzifəsindən uzaqlaşdırılıb.
İstintaqın məlumatına görə, 2021-ci ilin fevralında cinayətkar qrupun təşəbbüsü ilə Anquilya adasında təxminən 100 milyon dollar “investisiya” cəlb etmək məqsədilə fond yaradılıb. Fondun rəhbəri qeyri-qanuni gəlirlərin yuyulması ilə məşğul olan şəxsin uzunmüddətli tanışı olub. “İnvestorlar” arasında Qaluşenkonun ailəsi də yer alıb. Onun iştirakını gizlətmək üçün Marşall adalarında iki şirkət yaradılıb və bu şirkətlər vasitəsilə pullar İsveçrədəki bank hesablarına köçürülüb.
İstintaq materiallarına əsasən, qanunsuz fəaliyyət nəticəsində əldə edilən 112 milyon dollardan çox vəsait müxtəlif yollarla, o cümlədən kriptovalyuta və saxta investisiyalar vasitəsilə leqallaşdırılıb. Qaluşenkonun ailəsinə aid hesablara 7,4 milyon dollar köçürülüb, əlavə olaraq İsveçrədə nağd şəkildə milyonlarla avro və frank təqdim edilib. Pulların bir hissəsi sabiq nazirin övladlarının bahalı təhsilinə xərclənib. Hazırda Ukrayna Milli Antikorrupsiya Bürosu 15 ölkə ilə əməkdaşlıq çərçivəsində istintaqı davam etdirir.