Fevralın 10-da Polşanın Lodz vilayətinin Velun şəhərində Gürcüstanın dörd vətəndaşı saxlanılıb.
"PostMedia" xəbər verir ki, bu barədə “Mtavari” telekanalı Polşa mediasına istinadən məlumat yayıb.
Məlumata görə, saxlanılma əməliyyatında Varşava polisi, antiterror xidməti və sərhəd mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Yerli medianın bildirdiyinə görə, saxlanılan şəxslərdən biri Litvada axtarışda olub və Litva məhkəməsi onun barəsində həbs qərarı çıxarıb. Axtarışda olan bu şəxslə birlikdə Polşa polisi daha üç Gürcüstan vətəndaşını da saxlayıb.
Bildirilir ki, işin detalları məxfi saxlanılır. Əməliyyata antiterror bölməsinin də cəlb olunması hadisənin ağır cinayətlə bağlı ola biləcəyini ehtimal etməyə əsas verir.
Hazırda saxlanılan şəxslərin Polşa ərazisində qalmasının qanuniliyinin yoxlanıldığı qeyd olunur. Yaxın vaxtlarda onların ölkədən deportasiya edilib-edilməməsi ilə bağlı qərar qəbul edilə bilər.
