Norveçin İqtisadi və Ekoloji Cinayətlərə Qarşı Mübarizə üzrə Mərkəzi İdarəsi (Okokrim) korrupsiya şübhəsi ilə ölkənin keçmiş baş naziri (1996–1997) və Avropa Şurasının baş katibi (2009–2019) olmuş Torbyörn Yaqlanda qarşı istintaqa başlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə qurumun mətbuat açıqlamasında bildirilib. İstintaq amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərin dərcindən sonra başlanıb.
Norveç KİV-lərinin daha əvvəl yazdığına görə, Yaqland Epşteynlə mütəmadi əlaqə saxlayıb. 2014-cü ildə ailəsi ilə birlikdə maliyyəçinin şəxsi adasına səfər etməyi planlaşdırsa da, sonradan bu səfər ləğv edilib. Həmin il o, şəxsi ev almaq üçün maliyyə məsələsində Epşteyndən kömək istəyib. Yaqland Norveç mediasına verdiyi açıqlamada bildirib ki, nəticədə alış bank krediti hesabına maliyyələşdirilib.
Økokrim-in icraçı direktoru Pol Lyönsetin sözlərinə görə, Yaqlandın yayımlanmış sənədlərdə qeyd olunan dövrdə Nobel Komitəsinin sədri və Avropa Şurasının baş katibi vəzifələrində olması istintaqın başlanması üçün kifayət qədər əsas yaradır. Yaqland 2009–2015-ci illərdə Nobel Komitəsinə sədrlik edib.
Qurumda qeyd edilib ki, istintaqçılar Yaqlandın Avropa Şurasının sədri və ya baş katibi olduğu dövrdə hədiyyələr, maliyyə və ya digər xidmətlər alıb-almadığını araşdıracaqlar. İstintaqın davam etdirilməsi üçün onun Avropa Şurasının keçmiş baş katibi kimi hüquqi toxunulmazlığının ləğv edilməsi tələb olunur. Norveçin xarici işlər naziri Espen Bart Eide bu məqsədlə artıq təşkilata müvafiq müraciət etdiklərini bildirib.