Yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə ittiham olunan Ceffri Epşteyn işi üzrə yeni materiallar onun elektron məktublarını üzə çıxarıb. "PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, həmin məktublarda "Epşteyn Microsoft"un qurucusu Bill Qeytsin “rus qızlar”la ünsiyyətdən sonra dərman tələb etdiyini iddia edir.
Materiallara 2013-cü ilin iyulunda Epşteynin öz-özünə göndərdiyi elektron məktublar da daxildir. Həmin yazışmalarda o, Qeytsi tənqid edir, guya yoluxduğu infeksiyanı xatırladır və ondan bunu o zamankı həyat yoldaşı Melindadan gizlətməsini xahiş edir (cütlük 27 illik evlilikdən sonra 2021-ci ilin yazında boşanıb). Epşteynin iddiasına görə, Qeyts ondan “Melindaya gizlicə ötürmək üçün” antibiotiklər əldə etməsini istəyib.
Arxivlərdə Epşteynin Bill və Melinda Qeyts Fondunu tərk etməsi ilə bağlı sənəd mətni də var. Maliyyəçi heç vaxt bu fondda çalışmasa da, The Telegraph ehtimal edir ki, o, sənədi üçüncü tərəf üçün hazırlamış ola bilər. Mətndə deyilir: “Mən Melinda və Bill arasında ciddi ailə münaqişəsinə cəlb olunmuşam”.
Məktublarda Epşteyn yazır ki, özü “mənəvi baxımdan qəbuledilməzdən etik baxımdan şübhəliyə qədər olan hərəkətlərə uyğunsuz şəkildə cəlb edilib və dəfələrlə qanunsuzluğa yaxın davranışlarda iştirak etməsi xahiş olunub”.
“Sənədlərdən birində Billə rus qadınlarla cinsi əlaqənin nəticələrinə qarşı mübarizə aparmaq üçün dərman əldə etməkdə kömək etməkdən tutmuş, evli qadınlarla onun qanunsuz münasibətlərini asanlaşdırmağa qədər məqamlar qeyd olunur”, – deyə bildirilir.
Yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi əlavə olaraq 3 milyon səhifə sənəd, 2000-dən çox video və 180 min fotoşəkil yayımlayıb. Qurum rəhbərinin birinci müavini Tod Blanşın sözlərinə görə, materialların bir hissəsi zərərçəkənlərin kimliyini gizlətmək üçün redaktə olunub.
Daha əvvəl The Wall Street Journal yazmışdı ki, Epşteyn Qeytsi şəxsi həyatı ilə, o cümlədən rus bric oyunçusu ilə gizli münasibəti ilə şantaj etməyə cəhd edib. Nəşr həmçinin Epşteynlə əlaqələrin Qeytslərin boşanmasının səbəblərindən biri ola biləcəyini qeyd edib.