N/A°C Bakı
1$ = 1.70₼
Əməliyyat-axtarış

ABŞ Rusiya bayrağı altında üzən tankeri ələ keçirib

07-yanvar-2026
Admin
ABŞ Rusiya bayrağı altında üzən tankeri ələ keçirib
Yazı Ölçüsü:
ABŞ Sahil Mühafizəsi Venesuela sahillərindən ayrıldıqdan sonra bayrağını Rusiya bayrağına dəyişən "Marinera" tankerinin ələ keçirilməsi üzrə əməliyyat həyata keçirib.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı Sahil Mühafizəsinə ABŞ hərbçiləri də dəstək verib. Reuters-in mənbələri bildiriblər ki, əməliyyat anında tankerin istiqamətində hərəkət edən Rusiya sualtı qayığı və digər gəmilər artıq yaxın məsafədə olub.
RT-nin mənbəsinin məlumatına görə, tanker üzərində helikopter dövrə vurub və ehtimal olunur ki, ondan gəmi üzərinə desant endirilməyə cəhd edilib. Britaniyanın "The Times" nəşri isə əməliyyatda Kral Hərbi Hava Qüvvələrinə məxsus "Boeing Poseidon MRA1" təyyarəsinin də iştirak etdiyini yazıb.
"Fox News" jurnalisti Lukas Tomlinson X sosial şəbəkəsində ABŞ hərbçilərinin artıq tanker göyərtəsində olduğunu bildirib. Daha sonra ABŞ-nin Avropa Komandanlığı açıqlama verərək tankerin ABŞ federal məhkəməsinin verdiyi order əsasında, Amerika sanksiyalar rejimini pozduğu üçün saxlanıldığını bəyan edib.
Hazırda tanker Farer adalarının cənubunda yerləşir. Reuters qeyd edir ki, ABŞ Sahil Mühafizəsi gəmini iki həftədən artıq müddətdə izləyib.
Rusiya Xarici İşlər Nazirliyi hadisəyə münasibət bildirərək, tanker göyərtəsində Rusiya vətəndaşlarının olduğunu açıqlayıb və ABŞ-dan ekipaj üzvlərinə layiqli rəftar göstərilməsini, onların tezliklə vətənə qayıtmasına maneə yaradılmamasını tələb edib. Rusiya Nəqliyyat Nazirliyi isə saat 15:00 radələrində gəmi ilə əlaqənin kəsildiyini və ələ keçirmənin açıq dənizdə baş verdiyini bildirib. Nazirlik bu hadisənin BMT-nin 1982-ci il Dəniz Hüququ Konvensiyasının pozuntusu olduğunu vurğulayıb.
Qeyd olunur ki, tanker əvvəlcə "Bella 1" adı ilə Panama bayrağı altında üzərək, ABŞ prezidenti Donald Trampın dekabrda elan etdiyi blokadaya baxmayaraq Venesuela sahillərinə yaxınlaşmağa cəhd edib. Daha sonra gəmi Cənubi Amerikadan uzaqlaşarkən ABŞ Sahil Mühafizəsinin təqibinə məruz qalıb. Bundan sonra ekipaj gəminin üzərinə Rusiya bayrağını çəkib və adını "Marinera" olaraq dəyişib. ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısında olan bu adda gəmi sonradan Rusiya reyestrinə daxil edilib.
Rusiya XİN bəyan edib ki, tanker dövlət bayrağı altında və beynəlxalq dəniz hüququ normalarına tam uyğun şəkildə üzür.
Bundan əvvəl CBS News və CNN telekanalları Vaşinqtonda tankerin mümkün ələ keçirilməsi məsələsinin müzakirə edildiyini, lakin o vaxt yekun qərarın verilmədiyini bildirmişdi. ABŞ tərəfi Venesuela sahillərində tankerlərin blokadasını və yoxlanmasını guya Venesuela neftinin qanunsuz daşınması, eləcə də bəzi gəmilərin saxta bayraqlardan istifadə etməsi ilə əsaslandırır.
Kateqoriyalar