N/A°C Bakı
1$ = 1.70₼
Əməliyyat-axtarış

Gürcüstanın sabiq müdafiə naziri saxlanıb

25-dekabr-2025
Turan Hüseynli
Gürcüstanın sabiq müdafiə naziri saxlanıb
Yazı Ölçüsü:

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Gürcüstanın keçmiş müdafiə naziri Bacho Axalaianı həbs ediblər. Ona 4 oktyabrda Prezident Administrasiyasının binasına hücumun rəhbərliyini həyata keçirməkdə ittiham irəli sürülüb.

Dövlət Təhlükəsizlik Xidmətinin müavini Laşa Maqradze bildirib ki, Axalaia etiraz aksiyasında fiziki olaraq iştirak etməsə də, evdən internet tətbiqləri vasitəsilə onlayn rejimdə rəhbərlik edirmiş. Bu fakt IP ünvanları ilə təsdiqlənir.

DTX-nin məlumatına görə, Axalaia etiraz aksiyasının və Prezident Administrasiyasının binasına hücumun bütün müddətində müxalifət liderləri və aksiyanın təşkilatçıları ilə əlaqədə olub. Bu, onların kommunikasiya vaxtı və aksiya iştirakçılarının hərəkətləri ilə sübut olunur.

“Mövcud dəlillər əsasında 4 oktyabr hadisələrinin baş təşkilatçısının kimliyi qəti şəkildə müəyyən olunub. Buna görə də Bacho Axalaia həbs edilib”, – deyə Maqradze bildirib.

Onun sözlərinə görə, Ukraynadan silah tranziti işi, çərçivəsində DTX tərəfindən Tbilisinin ətrafındakı meşədə 4 oktyabr seçki günü diversiya üçün nəzərdə tutulmuş böyük miqdarda silah və detonatorlu partlayıcı maddələr aşkar edilib, Prezident Administrasiyasına hücum işi ilə birləşdiriləcək və istintaq üçün Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinə təhvil veriləcək.

Dövlət Təhlükəsizlik Xidməti əvvəl məlumat yaymışdı ki, Ukraynada fəaliyyət göstərən bir hərbi bölmənin nümayəndəsinin tapşırığı ilə bir Gürcüstan vətəndaşı böyük miqdarda atıcı silah, döyüş materialı və partlayıcı maddələr alıb.

Əməliyyat məlumatlarına görə, döyüş materialı 4 oktyabrda təşkil olunmuş qrup zorakılığı və Tbilisidə Prezident sarayına hücum cəhdləri zamanı diversiya aktlarının keçirilməsi üçün istifadə olunmalıydı.

Prezident iqamətgahına hücum cəhdi
4 oktyabrda Tbilisidə yerli özünüidarə seçkiləri etiraz aksiyaları fonunda keçirilib. Şənbə günü axşam aksiyanın iştirakçıları Ataneli küçəsində Prezident sarayına hücum edərək “hakimiyyəti xalq üçün təhvil vermək” cəhdinə başlayıblar.

Hüquq-mühafizə orqanları etirazçılara qarşı xüsusi vasitələr və su şırnağı tətbiq edib. Toqquşmalar zamanı 25 polis əməkdaşı yaralanıb, onlardan 15-i xəstəxanaya yerləşdirilib.

DİN məlumatına görə, 60-dan çox şəxs həbs olunub, onların arasında aksiyanın beş təşkilatçısı – Paata Burçuladze, Murtaz Zodelava, Irakli Nadiradze, Laşa Beridze və Paata Manjgaladze var.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 317-ci, 222-ci, 225-ci və 187-ci maddələri üzrə aparılır – nəqliyyat kommunikasiyalarının bloklanması, kütləvi iğtişaşların təşkil edilməsi, başqasının əmlakına zərər vurulması və Gürcüstanın konstitusiya quruluşunu zorakılıq yolu ilə dəyişməyə çağırış maddələri üzrə.

Kateqoriyalar