İran vətəndaşı Ermənistanın adından universitet yaratdı və külli miqdarda vəsait qazandı
23-dekabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
"İran vətəndaşı Məhəmmədəli Mörşədi özünü "North West International University"nin (Şimal-Qərb Beynəlxalq Universiteti, NWIU) rəhbəri kimi təqdim edir. O, müxtəlif platformalarda Ermənistanın adından sui-istifadə edərək guya “universitetin” Ermənistanda yaradıldığını və yerləşdiyini, qanuni qeydiyyata malik olduğunu və Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi (KQMSN) tərəfindən verilmiş lisenziyası olduğunu iddia edir. Sözügedən qurumun saytında onun Ermənistan ali məktəbləri siyahısına daxil edildiyi göstərilir. Halbuki Məhəmmədəli Ermənistanda iki şirkət qeydiyyatdan keçirsə də, onlar heç bir təhsil fəaliyyəti həyata keçirmir. Faktiki olaraq, belə bir universitet Ermənistanda mövcud deyil və KQMSN ona heç bir lisenziya verməyib.
"PostMedia" xəbər verir ki, bu barədə “Hetq” nəşri yazır.
“Hetq”ə iranlı Qolamreza Məhəmmədzadəaval müraciət edərək özünü həmin “universitetin” prezidenti kimi təqdim edib. Onun sözlərinə görə, Məhəmmədəli Mörşədi “universitetin” keçmiş əməkdaşıdır və qurumun adı ilə Ermənistanda qanunsuz fəaliyyət göstərir. Qolamreza Məhəmmədəliyi saxta diplomların satılmasında ittiham edir. Saxta diplom və sertifikatlarla bağlı məlumat əldə etmək mümkün olmayıb; Qolamreza Məhəmmədzadəaval da sonradan əlaqə saxlamayıb. Bununla belə, sözügedən “universitet”lə bağlı digər maraqlı detallar üzə çıxarılıb.
"North West International University"nin saytında “akkreditasiyalar” bölməsində Ermənistanla əməkdaşlığa dair ayrıca hissə yer alır. Burada qurumun guya Ermənistanda fəaliyyət göstərən ali məktəblər sırasında olduğu bildirilir və “sübut” kimi Vikipediyanın müvafiq səhifəsindən ekran görüntüsü təqdim olunur. Həmin Vikipediya məqaləsi naməlum istifadəçi tərəfindən redaktə edilərək Ermənistan universitetləri siyahısına NWIU adı əlavə edilib, lakin erməni redaktorlar tərəfindən silinib. Sonradan naməlum istifadəçi adı yenidən əlavə etsə də, bu da yenə silinib.
“Dəlil” kimi 2022-ci ilə aid, KQMSN-in o zamankı müavini Janna Andreasyanın imzaladığı məktub təqdim olunur, lakin bu sənəd lisenziya ilə bağlı deyil.
Saytda həmçinin “North West International University”nin qeydiyyatına dair Ermənistan Hüquqi Şəxslərin Dövlət Reyestrindən arayış yerləşdirilib, lakin həmin müəssisə Ermənistanda heç bir fəaliyyət göstərmir. Bundan başqa, saytda Ermənistan Ədliyyə Nazirliyinin loqosu kimi Ermənistan Vəkillər Palatasının loqosundan istifadə olunub.
Məhəmmədəli Mörşədi KQMSN tərəfindən səlahiyyət verildiyini iddia edir və bunu sübut kimi Janna Andreasyanın imzası olan rəsmi cavab məktubu ilə əsaslandırır. Halbuki həmin məktubda göstərilir ki, Mörşədinin təklif etdiyi kurslar əlavə təhsil proqramlarıdır və onlar üçün KQMSN-in icazəsi tələb olunmur.
“Hetq” KQMSN-dən 2022-ci ildə Məhəmmədali Mörşədinin hansı məsələ ilə müraciət etdiyini soruşub. Nazirliyin cavabına görə, o, turizm, otelçilik, kafe, qənnadı, kulinariya, biznes, kompüter, elektrik enerjisi, telekommunikasiya, tikinti, dizayn, moda və geyim sahələrində fəaliyyət üçün lisenziyalar almaq məqsədilə müraciət edib. Nazirlik ona bildirib ki, təklif olunan proqramlar qısamüddətli əlavə kurslardır və lisenziya tələb etmir; bu proqramların təminatı üçün nazirliyə müraciət etməyi tövsiyə edib.
KQMSN qeyd edib ki, “North West International University" nazirliyin apardığı, Ermənistanda bakalavr və magistr proqramları həyata keçirən lisenziyalı təhsil müəssisələri siyahısına daxil deyil və buna görə də nazirliyin həmin müəssisənin göstərdiyi təhsil xidmətləri barədə əlavə məlumatı yoxdur.
Şirkət adında ingiliscə “university” sözünün istifadəsinə gəlincə, nazirlik bunun hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunla tənzimləndiyini bildirib.
KQMSN məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə də müraciət edib. XİN isə bildirib: “Northwest International University"nin elektron saytının araşdırılması nəticəsində Ermənistan XİN belə qənaətə gəlib ki, sözügedən universitet və onun təqdim etdiyi məlumatlar etibarlı deyil”.