Son zamanlar aparılan bir sıra araşdırmalar göstərir ki, portağal şirəsinin müntəzəm qəbulu immun hüceyrələrimizdə minlərlə genin fəaliyyətini dəyişir. Bu genlərin əhəmiyyətli hissəsi qan təzyiqinin tənzimlənməsi, iltihabın azalması və şəkər mübadiləsinin idarə edilməsi ilə bağlı mexanizmlərdə iştirak edir.
“Bunlar uzunmüddətli ürək-damar sağlamlığı üçün vacib proseslərdir” - deyə Vestminster Universitetinin kimyəvi patalogiya üzrə böyük müəllimi Deyvid K. Geiz “The Conversation”da dərc edilən məqaləsində qeyd edir.
Aparılan araşdırmada böyüklərdən iki ay ərzində hər gün 500 ml təmiz, pasterizə olunmuş portağal şirəsi içmələri xahiş edilib.
60 günün sonunda tədqiqatçılar iltihabla əlaqəli daha az gen aşkar ediblər. Xüsusilə stres zamanı aktivləşən NAMPT, IL6, IL1B və NLRP3 genlərinin aktivliyi azalıb.
Böyrəklərin natriumu saxlamaq qabiliyyətinə təsir edən SGK1 geninin də aktivliyinin azaldığı müəyyən olunub. Bu dəyişikliklər əvvəlki araşdırmalarla da üst-üstə düşür və portağal şirəsinin müntəzəm istifadəsinin gənclərdə qan təzyiqini aşağı saldığını göstərir.
Mütəxəssislərin fikrincə, nəticələr portağal şirəsinin orqanizmin tənzimləyici sistemlərində kiçik, lakin əhəmiyyətli dəyişikliklər yaratdığını göstərir. Bu dəyişikliklər qan damarlarının genişlənməsinə, iltihabın azalmasına və ürək sağlamlığının qorunmasına kömək edir.
Portağalda olan flavonoid hesperidinin antioksidant və iltihabəleyhinə xüsusiyyətləri uzun müddətdir məlumdur. Yeni araşdırma bu təbii komponentin yüksək qan təzyiqi, xolesterin balansı və şəkər mübadiləsi kimi proseslərə müsbət təsir göstərdiyini üzə çıxarıb.
Bədən quruluşu da portağal şirəsinə verilən reaksiyaya təsir edir. Yağ mübadiləsi ilə bağlı genlər artıq çəkisi olan şəxslərdə daha güclü aktivləşir, iltihabla əlaqəli genlər isə daha arıq iştirakçılarda daha nəzərəçarpan dəyişikliklər göstərir.
639 nəfərin iştirak etdiyi 15 araşdırmanın sistemli təhlilinə əsasən, portağal şirəsinin müntəzəm istifadəsi insulin müqavimətini və LDL (“pis” xolesterin) səviyyəsini azalda bilər. İnsulin müqaviməti – prediyabetin əsas göstəricisidir, yüksək xolesterin isə ürək-damar xəstəliklərinin riskini artırır.
Artıq çəkisi olan insanların iştirak etdiyi başqa bir araşdırmada portağal şirəsinin bir neçə həftə gündəlik istifadəsi sistolik qan təzyiqini bir qədər azaldıb, HDL (“yaxşı” xolesterin) səviyyəsini isə yüksəldib.
Bu dəyişikliklər kiçik görünsə də, uzun illər ərzində ürək sağlamlığına ciddi təsir göstərir.
Metabolit Araşdırmalar göstərib ki, portağal şirəsi orqanizmdə enerji istifadəsinə, hüceyrələrarası kommunikasiya və iltihabi yolların idarə olunmasına təsir edir. Bir ay müntəzəm istifadə nəticəsində könüllülərdə qısa zəncirli yağ turşuları istehsal edən bağırsaq bakteriyalarının miqdarı artıb. Bu maddələr sağlam qan təzyiqi və aşağı iltihabla əlaqələndirilir.
Metabolik sindromlu insanların iştirak etdiyi araşdırma zamanı portağal şirəsi endotel funksiyasını yaxşılaşdırıb. Bu funksiya qan damarlarının genişlənməsi ilə bağlıdır. Endotel funksiyasının yaxşılaşması – infarkt riskinin azalması deməkdir.
Bəzi araşdırmalar HDL və triqliserid səviyyəsində ciddi dəyişiklik aşkar etməsə də, ümumi tendensiya belədir: portağal şirəsi iltihabı azaldır, qan axınını yaxşılaşdırır və ürək xəstəlikləri üçün risk göstəricilərini yaxşılaşdırır.
Braziliyadakı portağal şirəsi zavodunda aparılan araşdırma da göstərib ki, işçilərin arasında apo-B göstəricisi (xolesterin daşıyan hissəciklərin və infarkt riskinin artması ilə bağlı göstərici) azalıb.