COVID-19-a iki dəfə yoluxanlarda qan analizində qeyri-adi strukturlar aşkarlanıb
17-noyabr-2025
Amin Şükür
Yazı Ölçüsü:
Post-kovid sindromu olan insanların qanında anormal mikrokonstruksiyalar aşkar edilib.
Bunların uzunmüddətli yorğunluq, idrak pozuntuları və tənəffüs problemləri ilə əlaqəli ola biləcəyi müəyyən olunub.
"PostMedia" xəbər verir ki, "Journal of Medical Virology" jurnalında dərc olunan araşdırmaya görə, bu xəstələrdə sağlam insanlarla müqayisədə təxminən 20 dəfə daha çox mikrotromblar olub. Aşkarlanan bu quruluşlar daha böyük, daha sıx və həll olması çətin formadadır.
Alimlər həmçinin NET strukturlarının səviyyəsinin kəskin artdığını qeyd ediblər.
Əvvəllər NET-lər yalnız iltihab göstəricisi kimi nəzərdən keçirilirdi, lakin araşdırma göstərib ki, post-kovid sindromu olan xəstələrdə NET-lər və mikrotromblar bir-birinə sıx bağlıdır. Tədqiqatçıların fikrincə, bu sıx komplekslər mikrosirkulyasiyanı pozaraq xroniki iltihabı davam etdirə bilər və bu da uzun sürən fiziki və idrak simptomlarını izah edə bilər.
Nümunələr arasındakı fərq o qədər aydın olub ki, süni intellekt alqoritmi təkcə mikrotrombların görünüşünə əsaslanaraq post-kovid xəstələrinin qanını təxminən 91% dəqiqliklə ayırd edə bilib.
Müəlliflər hesab edir ki, mikrotromblar və NET strukturlarının kombinasiyası post-kovid sindromu (Long COVID) üçün ilk obyektiv biomarker ola bilər.