6°C Bakı
1$ = 1.70₼
Səhiyyə

Yeni qan göstəricisi Alzeymer xəstəliyi riskini erkən aşkar etməyə kömək edə bilər

22-aprel-2026
Yeni qan göstəricisi Alzeymer xəstəliyi riskini erkən aşkar etməyə kömək edə bilər
Yazı Ölçüsü:

Yeni tədqiqat göstərib ki, qanda sadə bir göstərici Alzeymer xəstəliyinin riskini simptomlar ortaya çıxmazdan xeyli əvvəl müəyyən etməyə kömək edə bilər.

"PostMedia" xəbər verir ki, söhbət neytrofillərlə limfositlərin nisbətindən (NLR) gedir. Bu parametr standart qan analizində asanlıqla müəyyən olunur və immun sisteminin vəziyyətini əks etdirir.

Tədqiqat "NYU Langone Health" və "NYU Grossman School of Medicine" alimləri tərəfindən aparılıb və təxminən 400 min pasiyentin məlumatlarının təhlilinə əsaslanıb. Nəticələr "Alzheimer's & Dementia" jurnalında dərc olunub.

Alimlər 55 yaşdan yuxarı şəxslərin NLR göstəricilərini araşdıraraq yalnız demensiya diaqnozundan əvvəlki ölçmələri nəzərə alıblar. Daha sonra bu şəxslərdə sonrakı illərdə xəstəliyin inkişaf edib-etmədiyini qiymətləndiriblər.

Analiz göstərib ki, yüksək NLR göstəricisi həm Alzheimer xəstəliyinin, həm də digər demensiya formalarının inkişaf riski ilə statistik baxımdan əlaqəlidir. Maraqlıdır ki, neytrofillərin artımı hələ heç bir kognitiv pozuntu əlaməti yaranmadan əvvəl müşahidə olunur. Bu isə göstəricini erkən diaqnostika üçün perspektivli vasitəyə çevirir.

Araşdırma həmçinin göstərib ki, yüksək NLR ilə demensiya riski arasındakı əlaqə qadınlarda və latın mənşəli şəxslərdə daha güclü müşahidə olunur. Bunun səbəbləri hələ tam aydın deyil və genetik, eləcə də sosial faktorlarla əlaqəli ola bilər.

Tədqiqatçılar vurğulayırlar ki, bu göstərici təkbaşına diaqnoz qoymaq üçün kifayət deyil. Lakin digər risk faktorları ilə birlikdə istifadə edildikdə, simptomlar yaranmamışdan əvvəl daha dərin müayinəyə ehtiyacı olan şəxslərin müəyyən edilməsinə kömək edə bilər.

Neytrofillərin öz rolu da diqqət çəkir. Bu hüceyrələr immun sisteminin ilk müdafiə elementlərindəndir və iltihabi proseslərdə iştirak edir. Lakin onların həddindən artıq aktivliyi toxumaların, o cümlədən damarların zədələnməsinə səbəb ola bilər ki, bu da Alzheimer xəstəliyində müşahidə olunur.

Hazırda NLR göstəricisi xəstəliyin erkən aşkarlanması üçün perspektivli metod kimi qiymətləndirilir və gələcəkdə profilaktik tədbirlərin daha vaxtında görülməsinə imkan yarada bilər.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930