Bəzi insanlar mütəmadi olaraq şüurlu yuxular (lucid dream) görə bilirlər və alimlər hesab edir ki, bunun səbəbi beynin xüsusi quruluşu ola bilər. Araşdırmaya görə, yuxu zamanı insanın özünün yuxu gördüyünü dərk etməsi özünüdərk, təxəyyül və idrak nəzarətinə cavabdeh olan inteqrasiya olunmuş neyron şəbəkələri ilə əlaqəlidir.
"PostMedia" xəbər verir ki, tədqiqat "Journal of Sleep Research" jurnalında dərc olunub.
Şüurlu yuxu insanın yuxu gördüyünü başa düşdüyü vəziyyətdir. Bəzi hallarda insanlar hətta yuxuda baş verən hadisələri qismən idarə edə bilirlər. Daha əvvəl alimlər belə vəziyyətlərdə beynin aktivliyini araşdırmışdılar, lakin bu qabiliyyətlə bağlı anatomik xüsusiyyətlər kifayət qədər öyrənilməmişdi.
Tədqiqatda 30 sağlam yetkin könüllü iştirak edib (15 kişi və 15 qadın). Onların orta yaşı təxminən 26 olub.
İştirakçılar əvvəlcə:
yuxu vərdişləri barədə ətraflı sorğu anketi doldurublar
nə qədər tez-tez adi yuxuları xatırladıqlarını
nə qədər tez-tez şüurlu yuxu gördüklərini qeyd ediblər.
Daha sonra alimlər struktur maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə yüksək dəqiqlikli beyin skanları aparıblar. Onlar iki əsas beyin toxumasını analiz ediblər:
Boz maddə – məlumatın emal edildiyi sahələr
Ağ maddə – beynin müxtəlif hissələri arasında siqnalların ötürülməsinə cavabdeh sahələr
Məlumatların analizində maşın öyrənməsi alqoritmlərindən istifadə olunub.
Alimlər şüurlu yuxuların tezliyi ilə əlaqəli neyron şəbəkəsi aşkar ediblər. Bu şəbəkə həm boz, həm də ağ maddəni əhatə edir və aşağıdakı sahələri birləşdirir:
frontal pay
temporal pay
parietal pay
beyincik
Bu strukturlar özünüdərk, zehni təsəvvürlərin yaradılması və diqqətin idarə olunması proseslərində iştirak edir.
Tədqiqatçılara görə xüsusi rol oynayan bölgələrdən biri prekuneus adlanan sahədir. O, beynin arxa hissəsində yerləşir və daxili düşüncə prosesləri və vizual təsəvvürlərlə əlaqəlidir.
Alimlər yalnız boz maddədən ibarət ikinci bir şəbəkə də aşkar ediblər. Bu şəbəkə beynin görmə və diqqət mərkəzləri ilə bağlıdır. Onların fikrincə, bu sistem yuxuda real işıq olmadan canlı vizual obrazların yaranmasına kömək edə bilər.
Tədqiqatçılar gələcəkdə yoxlamağı planlaşdırırlar ki:
şüurlu yuxu məşqləri beynin strukturunu dəyişə bilərmi
bu biliklər yuxu pozuntularının müalicəsinə kömək edə bilərmi.
Bu mexanizmlərin daha yaxşı anlaşılması xroniki kabuslar və posttravmatik stress pozuntusu kimi problemlərin müalicəsi üçün yeni metodların hazırlanmasına töhfə verə bilər. 🧠💤