İnfarktdan sonra ürəyin bərpası üçün yeni inyeksiya hazırlanıb
10-mart-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
"Texas A&M University" alimləri infarktdan sonra ürəyi qoruyan "Atrial Natriuretic Peptide" (ANP) hormonunun istehsalını artıran yeni inyeksiya hazırlayıblar.
"PostMedia" xəbər verir ki, tədqiqatın nəticələri "Science" jurnalında dərc olunub.
İnfarktdan sonra ürək zədələnir və daha yüksək yük altında işləməyə məcbur olur. Bu vəziyyətə cavab olaraq orqanizm ANP hormonu istehsal edir. Bu hormon ürək əzələsinə düşən yükü azaldır və toxumaları əlavə zədələnmədən qoruyur. Lakin təbii şəkildə yaranan hormon səviyyəsi çox vaxt ürəyin bərpasını sürətləndirmək üçün kifayət etmir.
Yeni inyeksiya məhz bu problemi həll etməyə yönəlib. Preparat skelet əzələsinə vurulur və hüceyrələrə müvəqqəti “təlimat” verərək əlavə ANP istehsal etməyə başlayır. Hormon daha sonra qana daxil olur və ürəyə çataraq onun üzərinə düşən yükü azaldır, eyni zamanda toxumaların bərpasını sürətləndirir. Tədqiqatçıların sözlərinə görə, bir doza hormon istehsalının bir neçə həftə artmış səviyyədə qalması üçün kifayət edə bilər.
Alimlər bildirirlər ki, əslində biz ürəyin öz müdafiə mexanizmini gücləndiririk. Orqanizm artıq ANP-dən qoruyucu vasitə kimi istifadə edir, biz isə sadəcə bərpa üçün ən vacib dövrdə onun daha çox istehsalına kömək edirik”.
Yeni inyeksiya özünü gücləndirən RNA (saRNA) texnologiyasına əsaslanır. Adi RNA əsaslı preparatlardan fərqli olaraq, bu molekullar hüceyrə daxilində müvəqqəti olaraq özlərini çoxalda bilir, bu isə təsirin daha uzun davam etməsinə və daha az doza istifadəsinə imkan yaradır.
Alimlərin qeyd etdiyinə görə, hətta ilk infarktdan sonra belə ürək zamanla çapıq toxumasının yaranması və bəzi əzələ hüceyrələrinin ölümü səbəbindən zəifləyə bilər. Araşdırma göstərir ki, infarktdan sonrakı ilk həftələrdə ANP-nin əlavə istehsalı çapıqlaşmanı azaltmağa, sağlam toxumanı qorumağa və ürəyin funksiyasını yaxşılaşdırmağa kömək edə bilər.
Bu tədqiqat alimlərin əvvəlki işlərinin davamıdır. Onlar daha əvvəl ürəyin səthinə yerləşdirilən və bərpanı sürətləndirən hormon ifraz edən mikroiynəli xüsusi plastır hazırlamışdılar. Yeni yanaşma isə cərrahi müdaxilə olmadan adi inyeksiya vasitəsilə oxşar təsir əldə etməyə imkan verir.