“eClinicalMedicine” jurnalında dərc olunan yeni araşdırma göstərib ki, “GLP-1” reseptor agonisti olan arıqlama dərmanlarının dayandırılmasından sonra çəki necə dəyişir.
Kembric Universitetinin alimləri klinik sınaqların məlumatlarını analiz edərək, arıqlama üçün istifadə olunan məşhur dərmanlar – xüsusilə “Semaglutide” və ona bənzər preparatların dayandırılmasından sonra bədən çəkisinin bir il ərzində necə dəyişdiyini modelləşdiriblər.
Tədqiqatın nəticələrinə görə, müalicə dayandırıldıqdan sonra ilk bir il ərzində insanlar terapiya zamanı itirdikləri çəkinin təxminən 60%-ni yenidən qazanırlar. Bununla belə, çəki artımı sonsuz davam etmir – müəyyən müddətdən sonra artımın tempi azalır və sabitləşir.
Araşdırma göstərib ki, dərmanı dayandırdıqdan bir il sonra belə insanların əksəriyyəti itirdikləri çəkinin təxminən dörddə birini qoruyub saxlayır.
“GLP-1” dərmanları orqanizmdə toxluq hissi və qanda qlükoza səviyyəsini tənzimləyən hormonun təsirini təqlid edərək işləyir. Bu isə iştahanı azaldır və insanların daha az qida qəbul etməsinə səbəb olur ki, nəticədə əhəmiyyətli çəki itkisi baş verir. Lakin müalicə dayandırıldıqdan sonra orqanizm tədricən iştaha və maddələr mübadiləsinin əvvəlki mexanizmlərinə qayıdır, bu da çəkinin qismən geri qayıtmasına səbəb olur.
Bununla belə, alimlər qeyd edir ki, bütün xəstələr əvvəlki çəkilərinə qayıtmır. Bunun səbəbi kimi müalicə zamanı insanların yeni qidalanma vərdişləri formalaşdırması göstərilir – məsələn, porsiyaların kiçildilməsi və daha balanslı qidalanma.
Tədqiqatçılar həmçinin ehtimal edirlər ki, bu dərmanlar iştaha və enerji balansını tənzimləyən hormonal mexanizmlərə uzunmüddətli təsir göstərə bilər.
Alimlər vurğulayırlar ki, piylənmə xroniki vəziyyətdir, buna görə də onun müalicəsi çox vaxt uzunmüddətli strategiya tələb edir.