Yuxusuzluq və şəkərli diabet tez-tez Alzeymer xəstəliyindən əvvəl baş verir
26-fevral-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
Depressiya, yuxusuzluq, hipertenziya və şəkərli diabet Alzeymer xəstəliyinin inkişafından illərlə əvvəl ortaya çıxa bilər.
"PostMedia" xəbər verir ki, bu nəticəyə Vanderbilt Universiteti Tibb Mərkəzinin alimləri gəliblər. Tədqiqatın nəticələri "Alzheimer's Research & Therapy (ART)" jurnalında dərc olunub.
Alzeymer xəstəliyi neyrodegenerativ xəstəlikdir və tədricən inkişaf edərək onilliklər ərzində formalaşa bilər. Alimlər müəyyən etməyə çalışıblar ki, hansı tibbi vəziyyətlər yaddaş pozğunluqları yaranmadan əvvəl daha çox müşahidə olunur.
Tədqiqatçılar ABŞ-nin iki böyük məlumat bazasındakı milyonlarla anonim elektron tibbi kartları təhlil ediblər. Əsas seçimdə Alzeymer xəstəliyi diaqnozu qoyulmuş 43 mindən çox və diaqnozu olmayan 400 mindən çox xəstənin məlumatları müqayisə olunub. Xəstələrin demensiya diaqnozundan 10 il əvvəlki xəstəlik tarixçəsi analiz edilib və kontrol qrupun məlumatları ilə müqayisə olunub.
Nəticələr göstərib ki, gələcəkdə Alzeymer diaqnozu qoyulacaq insanlarda psixi pozğunluqlar (xüsusilə depressiya) və ciddi nevropsixoloji simptomlar daha tez-tez rast gəlinib. Həmçinin yuxu pozğunluqları, o cümlədən yuxusuzluq və apnoe yüksək tezlikdə müşahidə olunub.
Koqnitiv pozğunluq riski həmçinin tip 2 şəkərli diabet və ürək-damar xəstəlikləri, məsələn arterial hipertenziya və beyin damarlarının iskemik zədələnməsi hallarında da artıb.
Əlavə olaraq, DNA biobanklarının məlumatları göstərib ki, bu vəziyyətlərin bəzisi Alzeymer xəstəliyi ilə genetik risklə əlaqədardır. Lakin tədqiqatçılar vurğulayırlar ki, aşkar olunan əlaqələr birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir, lakin yüksək risk qruplarını daha dəqiq müəyyən etməyə kömək edir.
Alimlərin fikrincə, bu vəziyyətlərin erkən aşkarlanması və idarə olunması Alzeymer xəstəliyinin qarşısının alınmasında vacib addım ola bilər. Ekspertlərin hesablamalarına görə, xəstəliyin başlanğıc mərhələsini hətta beş il təxirə salmaq da onun ümumi yayılmasını əhəmiyyətli dərəcədə azalda bilər.