—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Beş və daha çox dərmanın eyni vaxtda qəbulu diş əti xəstəliyi riskini artırır

26-fevral-2026
Türkan Nəbi
Beş və daha çox dərmanın eyni vaxtda qəbulu diş əti xəstəliyi riskini artırır
Yazı Ölçüsü:

Beş və daha çox dərmanın eyni vaxtda qəbulu böyüklərdə ağız boşluğu sağlamlığının pisləşməsi üçün gözlənilməz risk amili ola bilər. Bu qənaətə Hindistanın Ali Təhsil və Tədqiqat Akademiyasının (JSS) alimləri gəlib.

"PostMedia" xəbər verir ki, tədqiqatın nəticələri "Frontiers in Dental Medicine (FDM)" elmi jurnalında dərc olunub.

Tədqiqatçıların məlumatına görə, 65 yaşdan yuxarı insanların 30–40%-dən çoxu mütəmadi olaraq bir neçə dərman qəbul edir və xroniki xəstəlikləri olan şəxslərdə bu göstərici daha da yüksəkdir. Lakin çoxsaylı dərman terapiyası diş və ağız sağlamlığına mənfi təsir göstərə bilər.

Alimlər bildirir ki, geniş istifadə olunan bir sıra dərmanlar, o cümlədən antidepressantlar, antihipertenziv preparatlar və antixolinergik təsirli dərmanlar tüpürcək ifrazını azaldır. Bu isə ağız quruluğuna (kserostomiya) səbəb olur və kariyes, kandidoz (göbələk infeksiyası), selikli qişanın iltihabi zədələnmələri və diş əti xəstəlikləri riskini artırır.

Bundan əlavə, bəzi dərmanlar diş əti toxumasının böyüməsinə, yaraların əmələ gəlməsinə, dad hissinin dəyişməsinə və protezlərin istifadəsində çətinliklərə səbəb ola bilər.

Vəziyyət onu da çətinləşdirir ki, pasiyentlər çox vaxt ağız quruluğunu və narahatlığı qocalmanın təbii əlaməti kimi qəbul edir və bu barədə stomatoloqa məlumat vermirlər. Eyni zamanda, stomatoloqlar həmişə xəstəyə təyin olunan müalicə barədə tam məlumatlı olmur və tibbi və stomatoloji mütəxəssislər arasında əlaqə zəif qalır.

Müəlliflər multidissiplinar yanaşmanın vacibliyini vurğulayaraq, dərmanların həkim və əczaçı ilə birlikdə mütəmadi olaraq yenidən qiymətləndirilməsini, dərman yükünün mümkün qədər azaldılmasını və profilaktik tədbirlərin gücləndirilməsini tövsiyə edirlər.

Bura yüksək flüor tərkibli diş məcunlarından, ağız boşluğunu nəmləndirən vasitələrdən və fərdi gigiyena tövsiyələrindən istifadə daxildir. Tədqiqatçılar hesab edirlər ki, bu tədbirlər yaşlı pasiyentlərin ağız sağlamlığını qorumağa və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər.

Kateqoriyalar