—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Gürcüstan 2027-ci ildən plastik qablaşdırmada məhsulları qadağan edəcək

13-fevral-2026
Türkan Nəbi
Gürcüstan 2027-ci ildən plastik qablaşdırmada məhsulları qadağan edəcək
Yazı Ölçüsü:

Gürcüstanda 1 iyul 2027-ci ildən etibarən plastik qablaşdırmada olan ərzaq məhsullarının istehsalı və idxalı qadağan ediləcək.

"PostMedia" xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze məlumat verib.

Onun sözlərinə görə, artıq hökumət qərarının layihəsi hazırlanıb və sənədə əsasən, 1 iyuldan ictimai iaşə müəssisələrinə istehlakçılara plastik qablaşdırmada qida məhsulları təqdim etmək qadağan olunacaq. Bundan əlavə, 1 fevral 2027-ci ildən etibarən plastik qablaşdırmada ərzaq məhsullarının istehsalı, idxalı və bazarda satışı da qadağan ediləcək.

Baş nazir bildirib ki, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi sağlamlığın və ətraf mühitin qorunması ilə iqtisadi maraqlar arasında balans yaradan plastik istehlakı modeli hazırlayıb.

“Niyyətimiz qida məhsulları ilə birbaşa təmasda olan plastik məmulatların istifadəsinə mərhələli şəkildə məhdudiyyətlər tətbiq etməkdir. Araşdırmalar göstərir ki, plastik istifadəsinin artması həm ətraf mühitə, həm də insanların sağlamlığına mənfi təsir göstərir”, – deyə Kobaxidze vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, plastikdən həddindən artıq istifadə müasir dövrün ən ciddi ekoloji problemlərindən biridir və Gürcüstan da bu baxımdan istisna deyil.

Araşdırmalara əsasən, Gürcüstanda hər il təxminən 612,5 milyon ədəd birdəfəlik plastik stəkan, qapaq, qida qabı, eləcə də bıçaq, çəngəl, qaşıq, borucuq, boşqab və içkilər üçün qarışdırıcılar istehlak olunur ki, bu da ümumilikdə 3,9–5,9 min ton plastik deməkdir.

Qeyd edək ki, Gürcüstanda plastiklə mübarizə 2019-cu ildən başlayıb. Ölkədə birdəfəlik polietilen torbaların və plastik qabların istehsalı, idxalı və satışı artıq qadağan edilib.

Kateqoriyalar