İsveçdə atlarda insanlara yoluxa bilən yeni virus aşkarlanıb – SVA
12-fevral-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
İsveçin Milli Baytarlıq İnstitutu (SVA) ölkədə atlar arasında əvvəllər məlum olmayan yeni dəri infeksiyası – at parapoksvirusunun iki halının aşkar edildiyini açıqlayıb.
"PostMedia" xəbər verir ki, yoluxmuş heyvanlar Norrbotten bölgəsində yerləşir. Onlarda ayaqların dərisində qabarcıqlar və yaralar kimi xarakterik simptomlar müşahidə olunur. Törədici poksviruslar qrupuna aiddir. Bu virus ailəsi həm heyvanlarda, həm də insanlarda dəri zədələnmələrinə səbəb olan virusları əhatə edir. Aşkarlanan konkret növ at parapoksvirusu adlanır.
Bu virus ilk dəfə 2021-ci ildə Finlandiyada qeydə alınıb və bir neçə atçılıq təsərrüfatında yayılmaya səbəb olub. Mütəxəssislər artıq onun İsveçdə də mövcudluğunu təsdiqləyiblər.
Baytarlıq qurumlarının bildirdiyinə görə, infeksiyanın geniş yayılma riski hazırda aşağı qiymətləndirilir. Bununla belə, virus heyvanlar arasında birbaşa təmasla, eləcə də çirklənmiş avadanlıqlar, geyim, əllər və baxım ləvazimatları vasitəsilə ötürülə bilər. Baytarlar xəstə atların təcrid olunmasını, onlarla təmas zamanı isə birdəfəlik əlcəklər və qoruyucu geyimlərdən istifadə edilməsini tövsiyə edirlər.
Qeyd olunur ki, bu infeksiya zoonoz xəstəlikdir, yəni heyvanlardan insanlara keçə bilər. İnsanlarda yoluxma halları nadir və adətən yüngül keçsə də, mütəxəssislər profilaktik tədbirlərə ciddi əməl olunmasını məsləhət görürlər.
Baytarlıq xidmətləri virusun ölkənin digər bölgələrinə yayılmasının qarşısını almaq məqsədilə vəziyyəti nəzarətdə saxlayır.