—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Gürcüstanda plastik qablaşdırmada içkilərin satışına qadağa qoyula bilər

11-fevral-2026
Türkan Nəbi
Gürcüstanda plastik qablaşdırmada içkilərin satışına qadağa qoyula bilər
Yazı Ölçüsü:

Gürcüstan hökuməti plastik butulkalarda içkilərin satışının qadağan olunması məsələsini müzakirə edir.

"PostMedia" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstanda plastiklə mübarizə 2026-cı ildən etibarən aktiv mərhələyə keçib. Yanvarın 1-dən etibarən ölkədə birdəfəlik plastik qabların (stəkanlar istisna olmaqla) satışı artıq qadağan edilib.

“Biz düşünürük ki, ümumiyyətlə plastikdən imtina etməliyik və plastik qablaşdırmada olan istənilən içki heç bir mağazada və satış şəbəkəsində satılmamalıdır. Bu, növbəti mərhələdir. Yəqin ki, gələn ildən, fevral ayından tətbiq ediləcək. Hələlik bu, təşəbbüs mərhələsindədir”, – deyə Pavliaşvili qeyd edib.

Nazir müavini əlavə edib ki, qadağa plastik butulkalarda satılan bitki yağına, eləcə də həcmi 10 litrdən çox olan su qablarına şamil edilməyəcək. Həmçinin ixrac məqsədli məhsullara da məhdudiyyət tətbiq olunmayacaq.

“Biz günəbaxan yağının plastik qablaşdırmasına qadağa qoymaqdan çəkinirik, çünki bu məhsul əhalinin istehlak səbətində mühüm yer tutur”, – deyə o vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, plastikdən həddindən artıq istifadə müasir dövrün ən ciddi ekoloji problemlərindən biridir və Gürcüstan da bu baxımdan istisna deyil. Aparılmış araşdırmalara əsasən, ölkədə hər il təxminən 612,5 milyon ədəd birdəfəlik plastik stəkan, qapaq, qida qabı, eləcə də bıçaq, çəngəl, qaşıq, pipet, boşqab və qarışdırıcı istifadə olunur ki, bu da ümumilikdə 3,9–5,9 min ton plastik tullantı deməkdir.

Qeyd edək ki, Gürcüstanda plastiklə mübarizə 2019-cu ildən başlanıb. Həmin ilin aprelindən etibarən ölkədə bio-parçalanan paketlər istisna olmaqla, istənilən qalınlıqda birdəfəlik polietilen torbaların istehsalı, idxalı və satışı qadağan edilib.

Kateqoriyalar