Seçenov Universitetinin alimləri piylənmə və xərçəng arasında əlaqə aşkar ediblər.
"PostMedia" xəbər verir ki, universitetdən verilən məlumata görə, 10 ildən artıq bu xroniki xəstəlikdən əziyyət çəkən pasiyentlər risk qrupuna daxil edilib.
"2000 pasiyent üzərində aparılan müşahidələrin nəticələrinə əsasən, onkoloji xəstəliklərin inkişafı üçün maksimum risk qrupu müəyyən edilib. Bura abdominal piylənmə əlamətləri olan, xəstəlik tarixçəsi 10 ildən çox olan, metabolik sindromun iki və ya daha çox komponentinin kombinasiyasına sahib olan, irsi meylliliyi olan, arteriyal təzyiq, xolesterin və qlükoza səviyyələrinə nəzarət etməyən və digər xəstəliklərlə bağlı daimi dərman terapiyası almayan pasiyentlər daxil edilib", — deyə universitetin Poliklinika terapiyası kafedrasının müdiri Mixail Osadçuk bildirib.
Universitetdən əlavə ediblər ki, onkoloji xəstəliyə yaxalanma ehtimalı artıq çəki və ya birinci dərəcəli piylənmədən əziyyət çəkən, eyni zamanda nəzarətsiz yüksək qan təzyiqi, karbohidrat və lipid mübadiləsi pozğunluqları olan və müalicəyə qarşı aşağı meyllilik göstərən şəxslərdə daha çox özünü büruzə verir. Bu barədə "RİA Novosti" məlumat yayıb.
"Eyni zamanda, ikinci və üçüncü dərəcəli piylənməsi olan, lakin öz xroniki xəstəliklərini (şəkərli diabet, arteriyal hipertenziya, ürəyin işemik xəstəliyi) və əsas maddələr mübadiləsi göstəricilərini (qlükoza, xolesterin, sidik turşusu) uğurla nəzarətdə saxlayan, antihipertenziv, lipid səviyyəsini tənzimləyən və şəkərsalıcı dərmanların qəbuluna yüksək intizam nümayiş etdirən şəxslərdə xərçəngə yoluxma faizi daha aşağıdır", — deyə universitetin dosenti İnna Vasilyeva izah edib.