İsrail və Fələstinin HƏMAS hərəkatı arasında 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş atəşkəs razılaşmasından sonra Qəzza zolağında 100-dən çox uşaq həyatını itirib. Daha bir neçə uşaq isə qış mövsümünün başlaması fonunda soyuqdan donaraq ölüb.
"PostMedia" xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb.
UNICEF-in Qəzza üzrə nümayəndəsi Ceyms Elder Cenevrədə BMT-də keçirilən brifinqdə bildirib ki, atəşkəsdən sonra azı 100 uşaq həlak olub ki, bu da demək olar ki, hər gün bir uşağın ölümü deməkdir. Onun sözlərinə görə, real rəqəmlər bundan da yüksək ola bilər.
UNICEF-in məlumatına əsasən, uşaqlar İsrail silahlı qüvvələrinin zərbələri, pilotsuz uçuş aparatlarının hücumları və mərmi qəlpələri nəticəsində həyatlarını itiriblər. Eyni zamanda, son günlərdə azı altı uşaq hipotermiya səbəbindən ölüb.
Elder qeyd edib ki, hazırda təxminən 2 min uşaq təcili tibbi evakuasiyaya ehtiyac duyur və onlar vaxtında yardım göstərilməzsə, sağlamlıqlarında geri dönməz fəsadlar və əlillik riski ilə üz-üzə qala bilərlər.
Qəzzada atəşkəs 10 oktyabrda qüvvəyə minib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bu müddət ərzində ümumilikdə təxminən 440 nəfər ölüb, 1,2 mindən çox insan isə yaralanıb.
Xatırladaq ki, noyabrın ortalarında BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən irəli sürülən və ABŞ prezidenti Donald Trampın Qəzza üzrə hərtərəfli nizamlanma planını dəstəkləyən qətnaməni təsdiqləyib. Sözügedən planda Qəzza zolağında müvəqqəti beynəlxalq idarəetmənin yaradılması və Trampın sədrliyi ilə “sülh şurası”nın formalaşdırılması nəzərdə tutulur.