Son illərdə asteroidlər təkcə astronomların deyil, həm də mühəndislərin diqqətini getdikcə daha çox çəkir. Kosmik Elmlər İnstitutunun yeni araşdırması göstərir ki, kiçik karbonlu gövdələri olan C tipli asteroidlər düzgün yanaşma olduqda resursların əsl xəzinəsinə çevrilə bilər.
"PostMedia" xəbər verir ki, “Monthly Notices of the Royal Astronomical Society” (MNRAS) jurnalında dərc olunan yazıda da bu obyektlərin kimyəvi tərkibinə yeni baxış təqdim edilir.
Komanda Yerə düşən meteoritlərin cəmi bir neçə faizini təşkil edən nadir karbonlu xondrit nümunələrini təhlil edib. Onlar altı əsas qrupu təsnifləşdirib və kimyalarını asteroid səthinin məlumatları ilə müqayisə ediblər. Bu isə başa düşməyə imkan verib ki, C tipli asteroidlər sadəcə qaya deyil, Günəş sisteminin ilkin “tikinti materiallarıdır” və karbonla, mümkün halda su ilə zəngindir.
Araşdırmanın müəlliflərindən olan aspirant Pau Grebol Tomas deyir: “Bizim məqsədimiz bu cür gövdələrdən resurs çıxarmaq istəyinin nə dərəcədə əsaslı olduğunu anlamaq idi”.
Məlum olub ki, burada nadir metallar o qədər də çox deyil və regolitin (gevşək toz və qırıntı təbəqəsi) mexanikası genişmiqyaslı sənaye hasilatını çətinləşdirir. Lakin sınaqlar və kiçik miqyas üçün ideal mühitdir.
Kiçik asteroidlərin əksəriyyəti regolitlə örtülü kövrək yığınlardır. Nümunə götürmək asan olsa da, sənaye miqyasında hasilat üçün tamam başqa yanaşma lazımdır. Müəlliflər çıxış nöqtəsi kimi suyu təklif edirlər: kosmik missiyalar üçün ən qiymətli resurs məhz sudur, ondan yanacaq hazırlamaq və ekspedisiyaların avtonomluğunu təmin etmək mümkündür. Bunun üçün asteroidin parçalanmaması üçün “yumşaq tutma” və emal texnologiyalarına ehtiyac var.
Maraqlıdır ki, bu cür metodlar Yerə təhlükə yaradan asteroidlərin zərərsizləşdirilməsi üçün də faydalı ola bilər — obyektin kütləsi tədricən azaldılaraq orbitini dəyişmək mümkündür. “Otuz il əvvəl asteroidlərdən nümunə gətirmək fantastika kimi görünürdü. İndi isə bu – reallıqdır. Həmin şey hasilata da aid olacaq, sadəcə bunun üçün hansı texnologiyaların yaradılacağı sual altındadır”, — deyə Grebol Tomas yekunlaşdırır.
MNRAS-da dərc olunan yeni araşdırma C tipli asteroidlərin kimyasını xondritlərin altı sinfi üzrə dəqiqləşdirib: onlar nadir metallarla zəngin deyil, lakin su və karbon çoxdur. Hasilat problemi regolitdən qaynaqlanır, lakin başlanğıc nöqtəsi H₂O olmalıdır — missiyaların avtonomluğu üçün. “Yumşaq tutma” texnologiyaları həm hasilata, həm də təhlükəli obyektlərin zərərsizləşdirilməsinə xidmət edə bilər. Bu, real kosmik mədənçiliyə doğru atılan addımdır; asteroidlər gələcəkdə kosmik gəmilər üçün “yanacaq doldurma məntəqələrinə” çevrilə bilər.
