“Gələn tədris ilindən Gürcüstanda dövlət universitetləri əcnəbi tələbə qəbul etməyəcək”.
“PostMedia” xəbər verir ki, bunu Gürcüstanın təhsil naziri Givi Mikanadze “Rustavi 2” telekanalına müsahibəsində bildirib.
Məlumata görə, Tbilisi Dövlət Tibb Universitetində hazırkı tələbələrin 45%-i xarici ölkə vətəndaşları, 55%-i isə Gürcüstan vətəndaşlarıdır.
Özəl universitetlər isə əvvəlki qaydada fəaliyyət göstərməyə davam edəcək.
Nazirin sözlərinə görə, hazırda bəzi dövlət ali məktəblərində xarici tələbələrin sayı ümumi tələbə sayının demək olar yarısına çatır. Səsləndirilən əsas nümunələrdən biri Tbilisi Dövlət Tibb Universitetidir. Mikanadzenin fikrincə, bu universitetlər ilk növbədə dövlətin maraqlarına uyğun fəaliyyət göstərməlidir.
“Tbilisi Dövlət Tibb Universitetinin statistikasını misal gətirim: dəqiq rəqəmləri çəkmədən, hazırda tələbələrin 45%-i xarici ölkə vətəndaşları, 55%-i Gürcüstan vətəndaşlarıdır. Bu isə deməkdir ki, biz ilk növbədə gürcü vətəndaşları üçün keyfiyyətli təhsili prioritet etməliyik. Universitetin öz ənənələri, resursları və imkanları var və bu çərçivədə keyfiyyətli təhsil təmin edilməlidir”, – deyə Mikanadze vurğulayıb.
2024/25-ci tədris ilində Gürcüstan universitetlərində ümumi tələbə sayı rekord 187,8 min nəfərə çatıb. Bu artımın əsas səbəblərindən biri də xarici tələbələrin çoxalmasıdır. Onların sayı əvvəlki illə müqayisədə 21% artaraq 37,1 min nəfərə yüksəlib.
Xarici tələbələrin 85%-i özəl universitetlərdə əsasən tibb və magistratura proqramlarında təhsil alır.
Son üç ildə Gürcüstanda əcnəbi tələbələrin sayı iki dəfədən çox artıb.
Xatırladaq ki, 2021/22-ci tədris ilində bu rəqəm cəmi 17,5 min olub.