Rusiya Elmlər Akademiyası tədqiqatçıları qrafen və polimer əsaslı sensor yaradaraq, nəfəs verilən havanın kimyəvi tərkibini dərhal analiz edə bilən texnologiya təqdim ediblər.
"PostMedia"nın xarici KİV-lərə istindən verdiyi məlumata görə, bu cihaz şəkərli diabet, ürək çatışmazlığı və digər xroniki xəstəliklərin ilkin əlamətlərini müəyyənləşdirə bilir.
Mütəxəssislər bildirirlər ki, nəfəs analizi tibbdə qeyri-invaziv diaqnostika üsulu kimi artıq istifadə olunur, lakin indiyədək mövcud sensorların əksəriyyəti yalnız fiziki göstəriciləri – məsələn, nəfəs tezliyi, nəbz və oksigen səviyyəsini ölçürdü. Halbuki nəfəs verilən havada orqanizmdə baş verən dəyişiklikləri göstərən kimyəvi markerlər də mövcuddur. Yeni hazırlanmış sensor məhz bu boşluğu dolduraraq daha dəqiq nəticələr təqdim edir.
Layihə rəhbəri İrina Antonova izah edib ki, məsələn, diabet və bəzi ürək xəstəlikləri zamanı nəfəsdə aseton səviyyəsi artır, böyrək problemləri isə ammonyakın çoxalmasına səbəb olur. Yeni cihaz bu kimi dəyişiklikləri yüksək həssaslıqla müəyyən edə bilir. Sensor sadə quruluşa malikdir – adi kağız üzərində yerləşdirilən nazik təbəqədən ibarətdir və həm bədənə, həm də tibbi maskaya yerləşdirilə bilər.
Araşdırma çərçivəsində alimlər 32 könüllünün nəfəsini analiz ediblər və cihazın hətta minimal aseton səviyyələrini belə aşkar etdiyini təsdiqləyiblər. Bu isə onun erkən diaqnostika üçün effektiv vasitə ola biləcəyini göstərir. Bundan əlavə, cihazın ucuz və istifadəsinin asan olması gələcəkdə ev şəraitində sağlamlıq monitorinqini də mümkün edə bilər.
Alimlər hesab edirlər ki, müəyyən təkmilləşdirmələrdən sonra bu texnologiya yalnız xəstəliklərin aşkarlanması deyil, həm də xilasedicilər, pilotlar və dalğıclar kimi riskli peşə sahiblərinin sağlamlıq vəziyyətinin izlənməsi üçün istifadə oluna bilər. Bununla belə, hazırda cihazın daha geniş tətbiqi üçün əlavə tədqiqatlara ehtiyac var.