N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Elm-Təhsil

Yaddaş necə işləyir: şəxsi xatirələri və faktları aktivləşdirən beyin sahələri

28-yanvar-2026
Türkan Nəbi
Yaddaş necə işləyir: şəxsi xatirələri və faktları aktivləşdirən beyin sahələri
Yazı Ölçüsü:

Alimlər müəyyən ediblər ki, yaddaşın iki fərqli növünün bərpasında — şəxsi hadisələr (epizodik yaddaş) və dünya haqqında ümumi biliklər (semantik yaddaş) — beynin eyni sahələri iştirak edir. Bu isə həmin proseslərin tamamilə ayrı mexanizmlərlə işlədiyi barədə ənənəvi təsəvvürə meydan oxuyur.

PostMedia” xəbər verir ki, “Nature Human Behaviour” elmi jurnalında dərc olunan bu nəticələr insan yaddaşının necə işlədiyinə dair baxışlarımızı dəyişə və yaddaş pozuntularının araşdırılmasına təsir göstərə bilər.

Klassik tərifə görə, epizodik yaddaş insana həyatında baş vermiş konkret hadisəni — onun harada və nə vaxt baş verdiyini, həmin anla bağlı hissləri və detalları — xatırlamağa imkan verir. Semantik yaddaş isə müəyyən şəxsi təcrübə ilə bağlı olmayan, ümumi bilik və faktlara cavabdehdir: məsələn, əşyaların adları, qaydalar və ya coğrafi məlumatlar. Alimlər gözləyirdilər ki, bu iki yaddaş növü üçün beyin fərqli neyron şəbəkələrindən istifadə edir.

Nottingem və Kembric universitetlərinin tədqiqatçıları iştirakçıların şəxsi hadisələri və ya faktları xatırlayarkən beyin aktivliyini təhlil ediblər. Təcrübə zamanı funksional maqnit-rezonans tomoqrafiyasından (fMRT) istifadə olunaraq yaddaşın hər bir növü zamanı beynin hansı sahələrinin aktivləşdiyi müəyyən edilib. Məlum olub ki, iki tapşırıq arasında beyin aktivliyində demək olar ki, heç bir fərq yoxdur — hər iki halda eyni “yaddaş nüvəsi” aktivləşir.

Nəticələr gözlənilməzdir: elmi ədəbiyyatda uzun müddət epizodik və semantik yaddaşın ayrı-ayrı beyin sistemləri olduğu qəbul edilirdi. Müəlliflər qeyd edirlər ki, aktivləşmədə aydın fərqlərin olmaması beynin yaddaşı geniş və inteqrasiya olunmuş şəkildə emal etdiyini, yəni tamamilə ayrı mexanizmləri işə salmadığını göstərir.

Bu kəşf demensiya və Altsheymer xəstəliyi kimi, yaddaşın hər iki növünün pozulduğu halların daha yaxşı anlaşılmasına, həmçinin müalicə üsullarının işlənib hazırlanmasına və yaddaş pozuntusu olan pasiyentlərə dəstəyin yeni yollarının tapılmasına imkan yarada bilər.

Kateqoriyalar