N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Elm-Təhsil

Arxeoloqlar Türkiyədə elmə indiyədək məlum olmayan qədim dilə dair sübutlar aşkar ediblər

14-yanvar-2026
Türkan Nəbi
Arxeoloqlar Türkiyədə elmə indiyədək məlum olmayan qədim dilə dair sübutlar aşkar ediblər
Yazı Ölçüsü:
Müasir Türkiyə ərazisində yerləşən, Het (Xett) imperiyasının qədim paytaxtı Hattusada aparılan arxeoloji qazıntılar zamanı alimlər elmə indiyədək məlum olmayan dildə yazılmış mətn fraqmenti aşkar ediblər.
"PostMedia" xəbər verir ki, bu barədə "Popular Mechanics" nəşri məlumat yayıb.
Bu kəşf qazıntı sahəsində tapılan gil lövhələrin tədqiqi nəticəsində mümkün olub. Həmin ərazidə uzun illərdir mixi yazılar, ritual mətnlər və sənədlər aşkar edilir.
Gec tunc dövrünün (e.ə. təxminən 1650–1200-cü illər) ən böyük imperiyalarından birinin paytaxtı olan Hattusa qədim yazılı mənbələrin əsl xəzinəsi hesab olunur.
Arxeoloqlar burada on minlərlə lövhə aşkar ediblər. Onların böyük əksəriyyətində məlum olan ən qədim hind-avropa dili sayılan het dilində yazılmış mətnlər yer alır. Luvicə, palayca və xatt dili kimi digər dillərdə sənədlər də tapılıb ki, bu da regionun dil baxımından zənginliyini göstərir.
Yeni kəşf isə ritual mətnin tərkibində naməlum dildə yazılmış bir hissə ilə bağlıdır. Bu fraqment hələ tam deşifrə edilməyib və məzmunu sirr olaraq qalır. Bununla belə, dilçilər müəyyən ediblər ki, mətn hind-avropa dillərinin Anadoluda formalaşmış qoluna aiddir. Bu dil qrupu het, luvi və bölgənin digər qədim dillərini də əhatə edir.
Mütəxəssislərin fikrincə, belə mətnlərin Hattusada tapılması təəccüblü deyil, çünki hetlər tez-tez dini ayinləri və duaları “yad” və ya xarici dillərdə qeyd edirdilər. Bu, ehtimal ki, qohum xalqların və ya vassal ərazilərin adət-ənənələrini əks etdirirdi. Bu səbəbdən tapıntı təkcə dil baxımından nadir hadisə deyil, həm də qədim Anadolunun mədəni və etnik əlaqələrini anlamaq üçün dəyərli mənbədir.
Güman edilir ki, bu dilin mənşəyi Kalazma adlanan ərazi ilə bağlıdır və həmin yer keçmiş Het imperiyasının şimal-qərb sərhədlərinə yaxın olub. Aşkar edilmiş fraqmentlər göstərir ki, bu ərazi çoxdilli bir məkan olub və yerli icmalar rəsmi het dili ilə yanaşı, öz dillərində də danışa biliblər.
Hazırda bu dildən yalnız bir fraqment məlumdur. Lakin alimlər ümid edirlər ki, gələcək qazıntılar və digər lövhələrin təhlili daha çox məlumat əldə etməyə, hətta bu qədim dilin quruluşunu və söz ehtiyatını qismən bərpa etməyə imkan verəcək. Bu isə gec tunc dövründə mövcud olan dil müxtəlifliyi barədə təsəvvürlərimizi əhəmiyyətli dərəcədə genişləndirə bilər.
Kateqoriyalar