Paşinyan NATO Baş katibinin müavini ilə TRIPP layihəsini müzakirə edib
18-dekabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Ermənistanın Baş naziri Nikol Paşinyan NATO Baş katibinin müavini Radmila Şekerinskanı qəbul edib.
"PostMedia" xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, tərəflər avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış sazişləri, eləcə də ondan sonrakı hadisələri müzakirə ediblər.
Paşinyan və Şekerinska regional kommunikasiyaların blokadadan çıxarılması prosesi, o cümlədən TRIPP və "Sülh kəsişməsi" layihələri kontekstində fikir mübadiləsi aparıblar.
Bundan əlavə, Ermənistan və NATO arasında tərəfdaşlığın inkişafı məsələlərinə toxunulub. Paşinyan qeyd edib ki, Ermənistan regionda təhlükəsizlik və sabitlik gündəliyini irəli sürmək məqsədilə bu əməkdaşlığın dərinləşməsinə böyük önəm verir.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistan "Sülh kəsişməsi" (Crossroads of Peace) nəqliyyat-logistika layihəsinin yaradılacağını anons edib. Avqustun 8-də Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşünün yekunlarına əsasən, Yerevan "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu"nun (TRIPP) yaradılması üçün ABŞ və üçüncü tərəflərlə əməkdaşlıq etməyə razılaşıb. TRIPP Ermənistan-ABŞ birgə şirkəti tərəfindən yaradılsa da, "Sülh kəsişməsi" layihəsi ilə sinxronlaşdırılıb və onun bir hissəsidir.