N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Paşinyan: “Qarabağ məsələsi həll olunmayıb” deyənlər yeni müharibə çağırışı edirlər"

11-dekabr-2025
Turan Hüseynli
Paşinyan: “Qarabağ məsələsi həll olunmayıb” deyənlər yeni müharibə çağırışı edirlər"
Yazı Ölçüsü:

Ermənistanın baş naziri Nikol Paşinyan Hamburqda erməni jurnalistlərlə görüşündə Qarabağ mövzusu ətrafında səslənən bəyanatlara münasibət bildirib.

"PostMedia"nın məlumatına görə, o vurğulayıb ki, Ermənistanda bəzi siyasi qüvvələr “Qarabağ məsələsi həll olunmayıb” deyərkən bunun Azərbaycan tərəfindən də eşidildiyini anlamırlar.

Paşinyanın sözlərinə görə, əgər müxalifət ölkədə “diktatura və repressiyalar var” deyirsə, Azərbaycan tərəfi sual edir ki, əgər belədirsə, hökumət həmin mövzuları niyə qadağan etmir və niyə bu müzakirələrə imkan yaradır. Baş nazir iddia edib ki, bu, Azərbaycanda “Ermənistanın gizli gündəliyi var” kimi təsəvvürlər yaradır.

Paşinyan qeyd edib ki, Ermənistan da öz növbəsində sual edir: əgər Azərbaycan “sülh istəyirsə”, niyə “Qərbi Azərbaycan”la bağlı layihələr maliyyələşdirilir və bunun ətrafında aktiv təbliğat aparılır. O bildirib ki, bu məsələlər yalnız ikitərəfli şəkildə həll oluna bilər və hər iki xalq sakit, təhlükəsiz yaşam şansı əldə etməlidir.

Baş nazirin fikrincə, “Qarabağ məsələsi həll olunmayıb” demək əslində yeni müharibə çağırışı deməkdir. “O insanlar bizə deyirlər ki, gətirdiniz 7 min gəncin həyatını qurban verdiniz. Əgər məsələ həll olunmayıbsa, nə təklif edirsiniz? Məsələnin davamı yenidən müharibə, yeni can itkiləri və yeni fəlakətlər deməkdir”, — Paşinyan bildirib.

O əlavə edib ki, belə bəyanatlar Azərbaycanda hərbi büdcənin artırılması və “Qərbi Azərbaycan” ritorikasının güclənməsi üçün əsas kimi istifadə olunur. Paşinyanın sözlərinə görə, regionda artıq bütün məsələlər — sülh, sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat yolları və digər mövzular — razılaşdırılıb və tərəflər həmin razılaşmalar çərçivəsində qalmalıdır.

“Sadəcə, təxribatlara uymamaq və təxribatçı ritorikanı qəbul etməmək lazımdır. Qarabağ məsələsi də, bölgənin gələcəyi ilə bağlı digər məsələlər də həll olunub”, — deyə Paşinyan çıxışını yekunlaşdırıb.


Kateqoriyalar