Mirzoyan: "Ermənistan Türkiyədən Azərbaycana və əksinə gedən yük maşınlarının tranzitinə hazırdır"
04-dekabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
"Vaşinqton görüşü iki ölkə arasında kommunikasiyaların açılması üçün real imkan yaradıb. Bu çərçivədə Transxəzər-İpək yolu (TRİP marşrutu) layihəsi regionu Avropa ilə Mərkəzi Asiyanı birləşdirən təhlükəsiz logistika qovşağına çevirmək potensialına malikdir".
"PostMedia" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən 32-ci iclasında çılxış edərkən deyib.
Mirzoyan xatırladıb ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, Azərbaycan və ABŞ liderləri, ABŞ-ın vasitəçiliyi ilə, sülh bəyannaməsi imzalayıblar. Ermənistan və Azərbaycan “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında” sənədi ilkin olaraq paraflayıb. Həmin görüşdə tərəflər ATƏT-in Minsk Qrupunun strukturlarının ləğv edilməsi barədə də razılığa gəlib və bu, münaqişənin rəsmən başa çatdığını göstərib.
Ermənistan XİN rəhbəri Azərbaycanın Ermənistana tətbiq etdiyi tranzit məhdudiyyətlərini aradan qaldırması barədə son bəyanatını müsbət qiymətləndirib. Artıq ilk taxıl yüklərinin Azərbaycan–Gürcüstan–Ermənistan dəmir yolu ilə Ermənistana çatdığı bildirilir.
Ermənistan da öz növbəsində Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə gedən yük maşınlarının tranzitinə hazır olduğunu açıqlayıb.
Mirzoyan bildirib ki, Ermənistan–Türkiyə sərhədinin tam açılması regionun yeni mərhələyə keçidində növbəti mühüm addım olacaq. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə dialoq fəal şəkildə davam etdirilir. Bir neçə gün əvvəl isə qarşılıqlı qurumların nümayəndələri Gümrü–Qars dəmir yolunun bərpası və istismarı ilə bağlı texniki müzakirələrin ikinci raundunu keçirib.
Çıxışında o, həmçinin demokratik ölkələrin yanlış məlumat, kiberhücumlar, xarici müdaxilə və manipulyasiya kimi çağırışlarla üzləşdiyini deyib. Ermənistanın gələn il keçiriləcək parlament seçkilərinə hazırlaşdığını vurğulayan Mirzoyan, seçki prosesinin ATƏT öhdəliklərinə və demokratik standartlara uyğun keçiriləcəyini bildirib.
Sonda Mirzoyan Finlandiyanı səmərəli sədrliyə görə təbrik edib və növbəti sədrliyi qəbul edəcək İsveçrəyə uğurlar arzulayıb.