Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana dövlət səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Ukrayna rəhbərliyi legitimliyini itirdiyi üçün onlarla sənəd imzalamaq mənasızdır.
"PostMedia" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin Kiyev rəhbərliyinin “seçkilərə getməyə qorxması” ciddi strateji səhv olduğunu qeyd edib.
Putin bununla bağlı Stalinin məşhur sözlərini də xatırladıb: “Vacib olan kimin necə səs verməsi deyil, vacib olan – kimin saymasıdır”.
Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko da daha əvvəl bildirmişdi ki, Moskva üçün Ukrayna tərəfdən sənədləri imzalayan şəxsin legitimliyi əsas şərtdir və gələcəkdə daxili siyasi dəyişikliklər səbəbilə bu sənədlərin “sıfırlanması” mümkün olmamalıdır.
Putinin sözçüsü Dmitri Peskov isə bu ilin aprelində qeyd etmişdi ki, Ukrayna prezidenti Vladimir Zelenskinin legitimliyi məsələsi “ikinci dərəcəli”dir, çünki əsas məqsəd münaqişənin dinc yolla həllidir.
Ukraynada prezident seçkiləri 2024-cü ilin martında keçirilməli idi, amma hərbi vəziyyətə görə qeyri-müəyyən müddətə təxirə salınıb. Putin hazırkı şəraitdə Ukraynada yeganə legitim hakimiyyətin Ali Rada və onun spikeri olduğunu hesab edir.
Avropa İttifaqı, BMT və ABŞ Dövlət Departamenti isə Zelenskini səlahiyyət müddətinin başa çatmasına baxmayaraq prezident kimi tanımağa davam edəcəklərini bəyan ediblər.