Rusiya İrana yeni “Spartak” zirehli avtomobilləri partiyası göndərib
26-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
İran Rusiya istehsalı olan "AMN-59095S-15" “Spartak” zirehli nəqliyyat vasitələrinin daha bir partiyasını təhvil alıb.
Bu maşınlar patrul xidməti, kəşfiyyat və yüksək riskli zonalarda şəxsi heyətin daşınması üçün nəzərdə tutulub. Son oxşar təhvil 2025-ci ilin fevralında həyata keçirilmişdi.
"PostMedia" xəbər verir ki, məlumatı Rusiyanın “Birinci kanal”ı yayıb.
Mənbələrin bildirdiyinə görə, yeni partiya azı 20 ədəd “Spartak” zirehli maşınından ibarətdir. Onlar İsfahan əyalətindəki hərbi baza yaxınlığında görüntülənib.
Ehtimal edilir ki, məhz burada iranlı heyətin təlimi və sınaqlar aparılır. “Spartak”ların çatdırılmasına dair müqavilə 2023-cü ildə imzalanıb və üç il ərzində mərhələli şəkildə təhvil verilməni nəzərdə tutur.
“Spartak” zirehli maşını "KamAZ-4380" şassisi üzərində qurulub və yüksək qorunma səviyyəli təkərli zirehli vasitə kimi qiymətləndirilir. O, 10 nəfərədək şəxsi heyət daşıya bilir, yüksək keçid qabiliyyətinə malikdir və minalanmış ərazilərdə və atəş təzyiqi altında fəaliyyət göstərə bilir.
Nəqliyyat vasitəsi mərkəzləşdirilmiş təkər təzyiqi sistemi, kondisioner, radiasiya və kimyəvi mühafizə ilə təchiz olunub. Silahlanma kimi 7,62 mm PKT pulemyotu, 12,7 mm “Kord” pulemyotu və ya 30 mm avtomatik qumbaraatan quraşdırıla bilər.
İrana ixrac olunan "AMN-59095S-15" modifikasiyası ölkənin iqlim və taktiki tələblərinə uyğunlaşdırılıb. O, cümlədən təkmilləşdirilmiş soyutma və filtrasiya sistemləri ilə təmin edilib.