ABŞ-nin Ukrayna üzrə sülh planı 28 maddədən 19-a endirilib
24-noyabr-2025
Nigar Əliyeva
Yazı Ölçüsü:
Rusiya və Ukrayna arasındakı münaqişəni dayandırmaq məqsədilə ABŞ tərəfindən hazırlanmış proqram Cenevrədə aparılan danışıqlar zamanı ciddi şəkildə yenilənib və əvvəlki 28 maddədən 19 maddəyə endirilib.
"PostMedia" xəbər verir ki, bu barədə "Financial Times"a mənbələri məlumat verib.
Danışıqlara yaxın mənbələrin bildirdiyinə görə, planın bəzi müddəaları çıxarılıb, amma konkret hansı maddələrin silindiyi açıqlanmır. Bu dəyişikliklər Ukrayna və onun Avropa tərəfdaşlarının sənəddə müəyyən tələbləri qəbul etməməsi nəticəsində həyata keçirilib.
Ukrayna öz “qırmızı xətləri”ni xatırladıb: ordu sayının məhdudlaşdırılması və ərazi güzəştləri, o cümlədən Donbasın verilməsi, qəbul edilməyib. Avropa isə bunu dəstəkləyib və eyni zamanda Brusselin sanksiyalarının ləğvi və dondurulmuş Rusiya aktivləri üzərində qərarvermə hüququnu özündə saxlayıb.
Ukrayna Prezident Administrasiyasının rəhbər müşaviri Aleksandr Bevz bildirib ki, “28 maddəli sülh proqramı, əvvəlki formada artıq mövcud deyil. Bəzi maddələr çıxarılıb, bəziləri isə dəyişdirilib”. O əlavə edib ki, Kievin hər bir şərhi diqqətdən kənarda qalmayıb.
Qeyd edək ki, ABŞ Ağ Evi əvvəlcə noyabrın 23-də Cenevrədə keçirilən danışıqlarda tərəflərin münaqişəni dayandırmaq üçün “yenilənmiş və təkmilləşdirilmiş” proqram hazırladığını açıqlamışdı. Tərəflər razılaşıblar ki, gələcək istənilən razılaşma Ukraynanın suverenliyini qoruyacaq və davamlı, ədalətli sülh təmin edəcək.