1950-ci illərdə ABŞ nüvə texnologiyalarını bu sahədən yalnız dinc məqsədlər üçün istifadə etməyə razılıq verən ölkələrə təklif edirdi. Mətbuata görə, eyni yanaşma Tramp administrasiyasında da olub.
ABŞ-də ölkələr arasında münaqişələri dayandırmağa razılıq verən dövlətlərə, o cümlədən Ermənistana və Azərbaycana süni intellekt texnologiyalarının satılması məsələsi müzakirəyə çıxarılıb.
"PostMedia" xəbər verir ki, bunu "The New York Times"a iki mənbə bildirib.
Son 10 ay ərzində Tramp “Nvidia” şirkətinin baş direktoru Censen Huansla yaxın münasibətlər qurub, çünki şirkətin çipləri ticarət danışıqları və sülh təşəbbüslərində əsas alətlərdən birinə çevrilib.
Ötən ay Cənubi Koreyada keçirilən sammitdə Tramp bəyan edib ki, ABŞ-də məlumat mərkəzlərinin tikilməsi və amerikalı işçilərin işə cəlb olunması üçün “özündən əvvəlki istənilən prezidentdən daha çox iş görür”.
Süni intellekt layihələri üçün zəruri olan yüksək güclü hesablama çipləri istehsal edən “Nvidia” ABŞ-yə istehsalın bir hissəsini qaytarmaq barədə Trampa verdiyi vədi yerinə yetirən ilk Amerika texnologiya şirkətlərindən biri olub.
Fond bazarının vəziyyətini yaxından izləyən Tramp yaxşı anlayır ki, “Nvidia” hazırda dünyanın ən dəyərli publik şirkətinə çevrilib. Onun çipləri həmçinin administrasiyaya Səudiyyə Ərəbistanı, Böyük Britaniya və Çin də daxil olmaqla bir çox ölkələrlə danışıqlarda mühüm rıçaqlar verib. Bu texnologiyalar administrasiyanın bir neçə ölkə arasında sülh vasitəçiliyi səylərində də rol oynayıb.