Böyük Britaniyada miqrasiya siyasətinin sərtləşdirilməsi nəticəsində təxminən 50 min tibb bacısının ölkəni tərk edə biləcəyi ehtimal edilir. "The Guardian" yazır ki, bu xəbər Kral Tibb Bacıları Kollecinin (RCN) apardığı araşdırmasıda məlum olub. Qurum xəbərdarlıq edib ki, belə bir kütləvi kadr itkisi İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) üçün indiyə qədərki ən böyük böhran ola bilər.
"PostMedia" xəbər verir ki, K. Starmer hökumətinin təqdim etdiyi dəyişiklik layihəsi səhiyyə sektorunda çalışan xarici mütəxəssislər arasında narahatlıq yaradıb. Planlaşdırılan yeniliklər xaricdən gələn işçilər üçün ixtisas tələblərinin artırılmasını, eləcə də bütün viza kateqoriyaları üzrə ingilis dili biliklərinə dair daha sərt normaların tətbiqini nəzərdə tutur.
RCN-in keçirdiyi sorğuda daimi yaşayış icazəsi olmayan tibb bacılarının 60 faizi bildirib ki, təklif olunan dəyişikliklər onların Böyük Britaniyada qalmaq planlarına “çox böyük ehtimalla” təsir göstərəcək. Hesablamalara görə, bu amil 46 minə yaxın tibb bacısının ölkədən çıxmasına səbəb ola bilər ki, bu da xəstə təhlükəsizliyi baxımından ciddi risk hesab olunur. Araşdırmada 5 mindən çox xarici mənşəli tibb bacısı iştirak edib.
Hazırda Britaniyada fəaliyyət göstərən tibb bacılarının dörddə biri — 200 mindən çox mütəxəssis — xaricdə təhsil alan kadrlardır.
Qəzet xatırladır ki, noyabrın 17-də Britaniya hökuməti sığınacaq siyasətinin sərtləşdirilməsinə dair yeni planını təqdim edib. Sənəddə bu dəyişikliklər yer alıb: qanunsuz miqrantların daimi yaşayış üçün gözləmə müddətinin 20 ilə qaldırılması; sığınacaq alan şəxslərə daimi yaşayış icazəsinin verilmə müddətinin 5 ildən 2,5 ilə endirilməsi; vətəndaşı olduğu ölkə “təhlükəsiz ölkə” hesab edilən şəxslərin Böyük Britaniyada qalmaq üçün hüquqi əsas əldə etməsinin mümkünsüz olması.
Breksitdən sonra ölkədə qanunsuz miqrasiya problemi daha da kəskinləşib. 2018-ci ildən bəri 185 mindən çox qanunsuz miqrant La-Manş boğazını üzüb keçərək Britaniyaya daxil olub. Keçən ilin iyulundakı seçkilərdən sonra hakimiyyətə gələn Leyboristlər hökuməti Avropa İttifaqı ölkələri ilə əməkdaşlığı gücləndirəcəyini və qanunsuz miqrasiyaya qarşı mübarizəni prioritet elan etdiyini bildirib.