Gürcüstanda 1 yanvar 2026-cı ildən etibarən biznes-ombudsmanın institutu ləğv ediləcək, müvafiq qanun layihəsi artıq ölkə parlamentinə təqdim olunub.
Bu basrədə "PostMedia" Gürcüstan KİV-lərinə istinadən xəbər verir.
Biznes-ombudsman institutu Gürcüstanda 2015-ci ildə yaradılıb. O, sahibkarlıq fəaliyyətinə nəzarət edir, sahibkarların hüquqlarının qorunmasını təmin edir və inzibati orqanlar tərəfindən onların hüquqlarının pozulmasını aşkar edir.
Qanun layihəsinə əsasən, biznes-ombudsman institutu 1 yanvar 2026-cı ildən ləğv olunacaq və onun səlahiyyətləri iqtisadiyyat naziri yanında müşavire veriləcək.
Layihə müəlliflərinin fikrincə, Gürcüstan Konstitusiyasına əsasən dövlət açıq və sərbəst iqtisadiyyatın, azad sahibkarlığın və rəqabətin inkişafına diqqət yetirir. Konstitusiyaya uyğun olaraq hökumət, nazirliklər, tənzimləyici orqanlar və parlament özəl sektorla sıx və koordinasiyalı əməkdaşlıq aparır.
“Biznes və sahə assosiasiyaları, ticarət palataları siyasət hazırlanması prosesinə inteqrasiya olunub, bu da dialoqun inklüziv və şəffaf olmasını təmin edir. Bu şəraitdə biznes-ombudsman institutu tədricən ilkin funksional əhəmiyyətini itirib və onun saxlanması artıq effektiv və zəruri mexanizm deyil”, – sənəddə qeyd olunur.
Müəlliflər həmçinin bildirirlər ki, institutun fəaliyyət göstərməsi dövlət büdcəsi üçün əlavə və əsassız bürokratik yük yaradır.