Serbiyanın Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Prokurorluğu (JTOK) prezident Aleksandar Vuçiçi səlahiyyətlərini aşmaqda və onlardan sui-istifadə etməkdə ittiham edib.
"PostMedia" xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.
Prokurorluğun açıqlamasına görə, ittihama səbəb Vuçiçin 3 noyabrda TV Prva kanalında Milomir Mariçin proqramına verdiyi müsahibə olub. Həmin çıxışında o, prokurorluq tərəfindən başlanmış bir sıra cinayət işlərini “saxta” adlandırıb. Qurum Vuçiçin bu bəyanatlarla prezident səlahiyyətlərindən istifadə edərək “davam edən işlərin nəticəsinə icazəsiz təsir göstərməyə cəhd etdiyini” bildirib.
“Öz təhqiramiz və yalan açıqlamaları ilə Aleksandar Vuçiç yenidən fəaliyyət göstərən prokurorlara hücum edir. Prezidentin bu cür yolverilməz, dövlət qulluqçularını alçaldan və nüfuzdan salan bəyanatları ədalət mühakiməsinin həyata keçirilməsinə birbaşa mane olur, bununla da konstitusion və hüquqi qaydanı, eləcə də hüququn aliliyini sarsıdır”, – deyə bəyanatda qeyd olunur.
Müsahibə zamanı Vuçiç NATO-nun 1999-cu ildə Serbiyaya qarşı hava hücumları nəticəsində dağıdılmış Baş Qərargah binasının bərpasına dair xüsusi qanunu müzakirə edib. Onun sözlərinə görə, 2016-cı ildə ABŞ ilə razılıq əldə olunub ki, həmin ərazidə NATO təcavüzü qurbanlarının muzeyi yaradılacaq və layihə “amerikalıların vəsaiti hesabına” həyata keçiriləcək. Lakin prezidentin iddiasına görə, prokurorluq “xaricdən gələn göstərişlə” Serbiyanın Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırmasının qarşısını almaq məqsədilə bu binanın qoruma statusunun ləğvi üçün cinayət işi açıb.
Vuçiç həmçinin Novi-Sad dəmir yolu vağzalında baş vermiş dam çökməsi ilə bağlı istintaqı da tənqid edib.
“Bu korrupsiyalaşmış dəstəyə təşəkkür edirəm. Onlar ən təhlükəli mafioz qruplardan biri kimi pul alır və artıq 20 ildir gizlində fəaliyyət göstərir. Onlar hər zaman dövlətin əleyhinə işləyirlər” – deyə Vuçiç əlavə edib.