Almaniya Ukraynaya maliyyə yardımını artırmağı planlaşdırır
04-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Almaniya hökuməti 2026-cı ildə Ukraynaya ayıracağı maliyyə yardımını 3 milyard avro artırmaq niyyətindədir.
"PostMedia" xəbər verir ki, bu barədə "Handelsblatt" və "Reuters" nəşrləri hökumət mənbələrinə istinadla məlumat yayıb.
Hazırkı büdcə layihəsində 8,5 milyard avro yardım nəzərdə tutulsa da, maliyyə naziri Lars Klinqbeyl və müdafiə naziri Boris Pistorius parlamentdə büdcə layihəsi müzakirəyə çıxarılanda əlavə vəsaitin ayrılmasını təklif edəcəklər.
Mənbələrin məlumatına görə, bu vəsait artilleriya, pilotsuz uçuş aparatları (dronlar) və zirehli texnika alınmasına, həmçinin iki Patriot hava hücumundan müdafiə sisteminin əvəzlənməsinə sərf olunacaq. "Reuters"in yazdığına əsasən, kansler Fridrix Mers də bu qərarı dəstəkləyib.
Beləliklə, 2026-cı il üçün Ukraynaya yardımın ümumi məbləği 11,5 milyard avroya çata bilər. Sənədin yekun təsdiqi gələn həftə Bundestaqda gözlənilir.
"Reuters"in qeyd etdiyi kimi, Almaniya hazırda Avropada Ukraynaya ən çox hərbi yardım göstərən ölkədir. 2022-ci ildən bəri Berlin təxminən 40 milyard avro dəyərində dəstək göstərib. 2025-ci ildə isə təxminən 9 milyard avro yardım planlaşdırılır.
"The Economist" jurnalı yazır ki, müharibə başlayandan bəri Ukraynanın ümumi hərbi xərcləri 360 milyard dollara yaxınlaşıb. 2025-ci ildə bu rəqəm 100–110 milyard dollar olacaq ki, bu da ölkənin ÜDM-nin yarısına bərabərdir. 2026–2029-cu illər üçün isə Kiyevin təxminən 389 milyard dollar əlavə vəsaitə ehtiyacı olacağı proqnozlaşdırılır.
Rusiya tərəfi isə Ukraynaya istənilən maliyyə və hərbi yardımın “münaqişəni uzatdığını və Kiyev üçün vəziyyəti ağırlaşdırdığını” bildirərək bu qərarları pisləyir.