Orban: "Avropa İttifaqı Rusiya ilə danışıqlardan imtina etməklə böyük səhvə yol verir"
27-oktyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
"Avropa İttifaqı Ukraynadakı konflikti həll etmək və Avropanın gələcək təhlükəsizlik sistemi barədə Rusiyaya danışıqlara başlamamaqla böyük səhv edir".
"PostMedia" xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "M1" telekanalına verdiyi müsahibədə bildirib.
Orbanın fikrincə, Ukrayna böhranı yalnız xarici qüvvələrin iştirakı ilə həll oluna bilər.
“Bunu yalnız xarici güclərin iştirakı ilə həyata keçirmək mümkündür. Kimsə ruslarla sülh barədə razılığa gəlməlidir. Bu, ABŞ da ola bilər, Avropa da. Lakin Avropa Rusiyayla danışıqlar aparmaq istəmir ki, bu da fəlakətli səhvdir,” — deyə o bildirib.
Baş nazir əlavə edib ki, ABŞ Rusiyayla əlaqələri bərpa etdiyi üçün Ukraynanın gələcəyi və iqtisadi resursları məsələsini həll etmək onlara düşür, Avropa isə kənarda qalacaq və öz gələcəyi barədə belə dialoq apara bilməyəcək.
“Biz istəyirik ki, Avropa liderləri ruslarla birbaşa əlaqəyə girsinlər, danışıqlara başlasınlar və Rusiyanın Avropa ilə Avropa təhlükəsizlik sistemi barədə razılığa gəlsin,” — Orban izah edib.
O vurğulayıb ki, münaqişə bitdikdən sonra Ukrayna öz müstəqilliyini və suverenliyini saxlamalıdır, amma bu, onun Avropa İttifaqına üzv olmasını tələb etmir. “Ukrayna ilə ona faydalı, lakin bizi təhlükəyə atmayan razılaşmalar bağlayaq. Deməli, heç bir Aİ üzvlüyü olmayacaq,” — deyə Orban əlavə edib.
Bundan başqa, Orban qeyd edib ki, hər bir Avropa dövləti enerji mənbələri üzrə öz yolunu və tədarük qaynaqlarını müstəqil müəyyən etmək hüququna malikdir, bununla da Macarıstanın Rusiyadan neft və qazdan imtina planına qarşı olduğunu təsdiqləyib. Əks halda, Orbanın sözlərinə görə, Avropa ölkələrinin, o cümlədən Macarıstanın iqtisadiyyatı “dağılacaq, ailələrin yaşayışı isə məhv olacaq”.