Avropa İttifaqının və NATO-nun bir çox üzvü Rusiyaya strateji zərbə vurmaq məqsədilə konsolidasiya olublar və Kiyev rejiminin vasitəsilə Rusiyaya qarşı müharibə aparırlar.
"PostMedia"a "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov VIII Qlobal gənc diplomatlar forumunun iştirakçılarına videomüraciət zamanı bildirib.
Lavrov çıxışında 2025-ci ilin II Dünya müharibəsində Qələbənin 80 illiyinə və BMT-nin yaradılmasının 80 illiyinə təsadüf etdiyini xatırladıb və bu tarixi hadisələrin müharibədən sonrakı dünya nizamı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
«Ölkəmiz faşist Almaniyasının məğlub edilməsində həlledici rol oynamışdır. O vaxt Avropanın demək olar ki, bütün hissəsi svastika altında birləşmişdi. Bu, bu gün də unudulmamalıdır — Berlin tərəfdən qitədə yenidən Almaniya ordusunun gücləndirilməsi üçün məsuliyyətsiz çağırışlar səsləndirilir. Demək olar ki, Avropa İttifaqının və NATO-nun bütün üzvləri yenidən Rusiyaya strateji zərbə vurmaq üçün birləşiblər və bu məqsədlə, bizim fikrimizcə, 2014-cü ilin fevralında keçirilmiş dövlət çevrilişi nəticəsində qanunsuz hakimiyyətə gəlmiş Kiyev rejimi vasitəsilə ölkəmizə qarşı müharibə başladılıb», — deyə Lavrov bildirib.
Xarici İşlər naziri həmçinin vurğulayıb ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avrasiya qitəsinin ən böyük dövlətlərindən biri olaraq beynəlxalq sülh və təhlükəsizliyin təminatında xüsusi məsuliyyəti anlayır. Lavrov bununla əlaqədar olaraq daha ədalətli dünya düzəninin formalaşdırılması üzərində işləməyin, bu düzənin BMT Nizamnaməsinin prinsiplərinə əsaslanmalı və dünya üzrə mədəni-sivilizasiyalı müxtəlifliyi nəzərə almalı olduğunu qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirmişdi ki, NATO və Aİ çərçivəsində kollektiv Qərbin Rusiyaya qarşı birbaşa hərbi qarşıdurmaya hazırlıq proqramları işə salınıb. Şoyqu bildirib ki, kollektiv Qərbin hədəfi Rusiyaya strateji zərbə vurmaqdır və bunun üçün iqtisadi sanksiyalar tətbiq edilir, Qərb xüsusi xidmətləri isə genişmiqyaslı sabotaj fəaliyyətləri aparır.