N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Gürcüstanın sabiq Baş naziri milyonlarla dollar vəsaiti mənimsəməkdə ittiham olunur

24-oktyabr-2025
Turan Hüseynli
Gürcüstanın sabiq Baş naziri milyonlarla dollar vəsaiti mənimsəməkdə ittiham olunur
Yazı Ölçüsü:

Gürcüstan Baş Prokurorluğu keçmiş baş nazir İrakli Qaribaşvilini xüsusilə böyük məbləğdə qanunsuz gəlirlərin leqallaşdırılması ittihamı ilə məsuliyyətə cəlb edib.

"PostMedia" xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi ona qarşı 1 milyon lari məbləğində girov qətimkan tədbiri seçib.

İstintaqın məlumatına görə, Qaribaşvili 2019–2024-cü illər ərzində müdafiə naziri və baş nazir vəzifələrini tutduğu müddətdə məmurlara sahibkarlıq fəaliyyətində iştirakı qadağan olunmasına baxmayaraq, gizli biznes fəaliyyəti ilə məşğul olub və böyük həcmdə qanunsuz gəlir əldə edib. O, irəli sürülmüş ittihamları tam şəkildə etiraf edib.

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze bildirib ki, baş verənlərlə bağlı yayılan xəbərlər təəssüf doğurur:

“Bu cür açıqlamaları keçmiş silahdaşımız haqqında eşitmək çox kədərlidir. Mən İraklini 2012-ci ildən tanıyıram, o bizim komanda yoldaşımız olub”, – deyə Kaladze vurğulayıb.

O xatırladıb ki, Qaribaşvili bir müddət əvvəl partiyadan çıxdığını və siyasi fəaliyyətini dayandırdığını açıqlayıb. Kaladze cəmiyyəti proseslərin nəticələrini gözləməyə çağırıb:

“Cavabları gözləyək, istintaqın necə aparılacağına və nə ilə nəticələnəcəyinə baxaq. Nəticədən əvvəl hökm vermək doğru deyil”.

İstintaqın məlumatına əsasən, Qaribaşvili qanunsuz gəlirləri leqallaşdırmaq üçün illik maliyyə deklarasiyalarında qəsdən yalan məlumatlar göstərib – guya ailə üzvündən iri məbləğdə pul hədiyyələri alıb. Bu yolla o, qanunsuz biznes gəlirlərindən 830 min lariyə yaxın məbləği leqal dövriyyəyə daxil edib.

Bunlardan əlavə o, 2023–2024-cü illərdə ümumi dəyəri 463 630 lari olan iki avtomobil alaraq yaxın şəxsin adına rəsmiləşdirib, ailə üzvü vasitəsilə 210 min lariyə daşınmaz əmlakı olan şirkətin 100% payını alıb.

Eyni zamanda daha bir ailə üzvünün adına qeydiyyatda olan şirkətə 3 670 172 lari həcmində investisiya edilib və qanunsuz gəlirlərin böyük hissəsi valyutaya çevrilərək gizlədilməyə çalışılıb.

Prokurorluğun məlumatına görə, 17 oktyabr 2025-ci ildə onun mənzilində aparılan axtarış zamanı 6,5 milyon ABŞ dolları aşkarlanaraq müsadirə olunub.

Qaribaşviliyə qarşı irəli sürülən maddə 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Kateqoriyalar