Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ən böyük şəhərlərinin – Ankara, Bursa və İstanbulun su qıtlığı ilə üzləşdiyini bildirib və vəziyyətə görə müxalifətin idarə etdiyi bələdiyyələri günahlandırıb.
"PostMedia" xəbər verir ki, son seçkilərdən sonra bu şəhərlərin bələdiyyələri müxalifətin nəzarətinə keçib. Ərdoğan iddia edib ki, yerli hakimiyyət orqanlarının fəaliyyətsizliyi quraqlıq şəraitində vəziyyəti daha da ağırlaşdırıb.
“Quraqlıq təbii haldır, lakin onun qarşısını almaq üçün tədbirlərin görülməməsi idarəçilikdə uğursuzluqdur. Bələdiyyə reklam lövhələrində və sosial şəbəkələrdə şəkil çəkdirmək üçün deyil”, – o, Körfəz ölkələrinə səfərdən qayıdarkən təyyarədə jurnalistlərə deyib.
Türkiyə lideri qeyd edib ki, İstanbul əvvəllər də bənzər problemlərlə üzləşib və hazırda hökumət Dövlət Su Resursları İdarəsi ilə birlikdə lazımi tədbirlər görür.
“Biz layihələr hazırlayırıq, həll yolları tapırıq və davamlı olaraq addımlar atırıq. Ankara, Bursa və İstanbulda hazırda su çatışmazlığı var. Lakin Allahın köməyi ilə xalqımızı susuz qoymayacağıq”, – Ərdoğan vurğulayıb.