Azərbaycanla sıx əməkdaşlıqda maraqlıyıq - Rusiya XİN
15-oktyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Rusiya, Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), eləcə də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Konfransı (CICA), Xəzər beşliyi, "3+3" regional əməkdaşlıq platforması və Avrasiya təhlükəsizlik arxitekturasının qurulması kontekstində Azərbaycanla müxtəlif regional formatlarda sıx əməkdaşlıqda maraqlıdır.
"PostMedia" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü keçirdiyi brifinqdə bildirib.
“Biz, Azərbaycanla dialoqun gücləndirilməsini, o cümlədən Avrasiya İqtisadi İttifaqı ilə qarşılıqlı təmaslar kontekstində vacib hesab edirik. Buna Azərbaycanın Baş nazirinin Avrasiya Hökumətlərarası Şuranın iclaslarında fəxri qonaq qismində iştirak etməsi artıq ənənəyə çevrilməsi də sübutdur. MDB çərçivəsində Bakı ilə əməkdaşlığımızı müsbət qiymətləndiririk. Azərbaycanlı tərəfdaşlarımız sektoral əməkdaşlığın müxtəlif istiqamətlərində çox fəallıq göstərirlər. Məsələn, bu il Azərbaycan MDB-nin bütün üç tematik paytaxtına ev sahibliyi edir: Qəbələ — gənclər paytaxtı, Laçın — mədəniyyət paytaxtı, Gəncə isə — idman paytaxtı elan olunub. 28 sentyabr – 8 oktyabr tarixləri arasında MDB-nin III Oyunları Azərbaycanın yeddi şəhərində uğurla keçirildi və 23 idman növü üzrə 1 500-dən çox idmançı iştirak etdi” — deyə Zaxarova qeyd edib.
“Və əlbəttə, biz Bakının 10 oktyabrda keçirilən Düşənbə sammitinin yekun sənədlərinin bir qisminə qoşulmasını alqışlayırıq. Onların arasında dövlət başçılarının beynəlxalq cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq və Çernobıl nüvə faciəsinin 40-cı ildönümü ilə bağlı bəyanatları var. Azərbaycan, həmçinin terrorizm və ekstremizmlə mübarizə üzrə 2026–2028-ci illər üçün əməkdaşlıq proqramının qəbulunu dəstəkləyib. Bu sənəd MDB ölkələri arasında birgə fəaliyyətin müəyyən sahələrini əhatə edən mühüm orta müddətli sənəddir. Məqsəd regional təhlükəsizliyin təmin edilməsidir,” — deyə Rusiya XİN sözçüsü əlavə edib.