ABŞ Prezidenti Donald Tramp Türkiyənin Qəzzada atəşkəs prosesinə verdiyi böyük töhfəyə diqqət çəkərək Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürlərini çatdırıb.
"PostMedia" xəbər verir ki, Tramp həmçinin əsirlərin bazar ertəsi və ya çərşənbə axşamı günləri azad ediləcəyini və “əsirlərin evlərinə dönəcəyini” bildirib.
Tramp "Ağ Ev"dəki kabinet iclasında Qəzada əldə olunmuş və yaxın zamanda qüvvəyə minəcəyi gözlənilən atəşkəs razılaşmasını qiymətləndirib.
Qəzzada qüvvəyə minəcək bu atəşkəs razılaşmasının Yaxın Şərq sülhü üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayan Tramp, bu razılaşma ilə bölgəyə sülhün gələcəyinə inandığını ifadə edib.
Əsasən Türkiyə, Qətər və Misir kimi prosesə ciddi töhfə verən ölkələrə ayrıca təşəkkür edən Tramp deyib:
“Türkiyə, Qətər və Misir liderlərinə bu inanılmaz nəticəyə çatmağımıza kömək etdikləri və yanımızda olduqları üçün böyük minnətdarlığımı bildirmək istəyirəm”.
“Prezident Ərdoğan, Həmas və digər bəzi qruplarla şəxsən məşğul oldu və möhtəşəm iş gördü.”
Qəzzədə “müharibəni” sona çatdırdıqlarını iddia edən Tramp, geniş miqyasda sülhün yolunun açıldığına diqqət çəkib və əlavə edib:
“Düşünürəm ki, bu sülh davamlı olacaq, ümid edirəm ki, əbədi qalacaq.”
Tramp rəsmi razılaşmanı imzalamaq üçün Misirə gedəcəyini və əsirlərin bazar ertəsi və ya çərşənbə axşamı azad ediləcəyini də sözlərinə əlavə edib.