Fransada davam edən siyasi qeyri-sabitlik ölkənin iqtisadi artımına mənfi təsir göstərə bilər və bu da 2025-ci ilin sonuna qədər 15 milyard avro itki ilə nəticələnə bilər.
”PostMedia” xəbər verir ki, bu barədə “Frans Press Agentliyi (AFP) Fransanın İqtisadi Vəziyyətin Monitorinq Mərkəzinə (OFCE) istinadən məlumat yayıb.
OFCE-nin məlumatına görə, siyasi böhran 2024-cü ilin iyununda prezident Emmanuel Makronun Milli Assambleyanı buraxması ilə başlayıb və hökumətin ardıcıl dəyişiklikləri fonunda hələ də davam edir. Bu vəziyyətin nəticəsində, 2025-ci ildə Fransanın iqtisadi artımı 0,5 faiz bəndi azalacaq.
OFCE nümayəndəsi Erik Heyer bildirib ki, bu azalmanın səbəbi qeyri-müəyyənlik şəraitində şirkətlərin investisiya layihələrini dayandırması və yeni işçiləri işə götürməyə tərəddüd etməsidir. Vətəndaşların isə pul xərcləmək əvəzinə qənaət etməyə üstünlük verməsidir.
Onun sözlərinə görə, siyasi böhranın ictimai həyatın bir çox sahələrinə təsiri olduğuna görə dəqiq iqtisadi zərəri hesablamaq çətindir.
Artıq bildirilir ki, bu böhran Fransanın maliyyə bazarlarında tənəzzülə və dövlət borcunun artmasına səbəb ola bilər. Hazırda dövlət borcunun həcmi 3,4 trilyon avro təşkil edir.
Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (INSEE) hesab edir ki, 2025-ci ildə ölkənin iqtisadi artımı cəmi 0,8 % olacaq.
Fransanın baş naziri Sebastyan Lekornu müxalifətin tənqidləri fonunda yeni hökumətin elanından cəmi bir gün sonra prezident Makrona istefa ərizəsi təqdim edib. Yeni kabinetin 18 yerindən 13-ü əvvəlki hökumətin üzvlərinə verilmişdi.
Oktyabrın 6-da Yelisey sarayı açıqlama yayaraq bildirib ki, Makron Lekornuya oktyabrın 8-dək bütün siyasi qüvvələrlə danışıqlar aparmaq tapşırığı verib. Məqsəd ölkənin sabitliyi naminə fəaliyyət platforması müəyyən etməkdir.
Əgər bu danışıqlar nəticəsiz qalarsa, Lekornu bundan sonrakı qərarların məsuliyyətini üzərinə götürəcəyini bildirib.