N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Yaponiyanın ilk qadın Baş naziri seçilib

06-oktyabr-2025
Turan Hüseynli
Yaponiyanın ilk qadın Baş naziri seçilib
Yazı Ölçüsü:

Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) yeni liderini seçib — 64 yaşlı Sanae Takaiçi ölkənin tarixində ilk qadın baş nazir olmağa ən yaxın siyasətçi hesab olunur.

Mühafizəkar baxışları ilə tanınan Takaiçi əvvəllər hökumət naziri, televiziya aparıcısı və hətta “heavy metal” janrında zərb alətləri ifaçısı kimi fəaliyyət göstərib. O, Yaponiyada ən tanınmış, eyni zamanda ən mübahisəli siyasi fiqurlardan biridir.

Yeni lideri bir sıra ciddi çağırışlar gözləyir: zəif iqtisadi artım, davamlı inflyasiya və əməkhaqlarındakı durğunluq fonunda sosial gərginliyin artması. Bundan başqa, ABŞ-la münasibətlərdə gərginlik və Tramp administrasiyası ilə imzalanmış gömrük razılaşmasının icrası da onun qarşısında duran əsas məsələlərdəndir.

Takaiçinin əsas siyasi sınaqlarından biri isə, son illərdə qalmaqallar və daxili çəkişmələrlə sarsılmış partiyanı birləşdirmək olacaq. Hazırkı baş nazir Şigeru İşiba ardıcıl seçki məğlubiyyətlərindən sonra istefa verib və bu, LDP-nin parlamentin hər iki palatasında çoxluğu itirməsi ilə nəticələnib.

Tokiodakı Temple Universitetinin Asiya Araşdırmaları Mərkəzinin direktoru professor Jeff Kingston bildirib ki, Takaiçinin “partiyadakı dərin parçalanmanı aradan qaldırmaq şansı azdır”. Onun sözlərinə görə, Takaii LDP-nin “sağçı DNK-sını bərpa etməyə çalışan sərt xətt” fraksiyasına məxsusdur.

Takaiçi uzun illərdir Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerin pərəstişkarıdır və onu tez-tez “Yaponiyanın Dəmir Leydisi” adlandırırlar. Lakin tənqidçilər hesab edirlər ki, o, qadın hüquqlarının və sosial bərabərliyin tərəfdarı deyil.

Mühafizəkar mövqeyi ilə seçilən Takaichi qadınların evlilikdən sonra qızlıq soyadlarını saxlamağına və eyni cinsli nikahların qanuniləşdirilməsinə qarşı çıxır.

Keçmiş baş nazir Şinzo Abenin yaxın tərəfdarı olan Takaiçi onun “Abenomika” iqtisadi kursunu – yüksək dövlət xərcləri və aşağı faizli kredit siyasətini – bərpa etməyə söz verib. O, həmçinin Yaponiyanın pasifist Konstitusiyasına düzəlişlər edilməsinin tərəfdarıdır və tez-tez mübahisəli Yasukuni məbədini ziyarət edir.

Yeni hökumətin parlament tərəfindən təsdiqlənməsi gözlənilir, lakin bu dəfə əvvəlki liderlərdən fərqli olaraq, LDP-nin zəifləmiş çoxluğu səbəbindən proses asan olmayacaq.

Kateqoriyalar