Ukrayna rəsmiləri Rusiyanın tərəfində döyüşdüyü iddia edilən bir neçə Çin vətəndaşının əsir götürüldüyünü açıqlayıb.
"PostMedia" xarici KİV-ə istinadən xəbər verir ki, bu məlumat, Moskvanın hərbiçiləri arasında xarici döyüşçülərin iştirakı ilə bağlı artan narahatlıqlar fonunda yayılıb.
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov CNN-ə bildirib ki, Çin vətəndaşları Donetsk vilayətində Ukrayna qüvvələri tərəfindən tutulub. Onların Rusiya ordusunun tərkibində hərbi əməliyyatlarda iştirak etdiyi qeyd olunur.
A.Yusov əlavə edib ki, saxlanılan şəxslər hazırda müvafiq istintaq və yoxlamadan keçirilir. Onların Rusiya tərəfində döyüşməyə necə cəlb edildiyi araşdırılır.
Bu hadisə Çin və Rusiyanın yaxın münasibətləri fonunda diqqət çəkir. Çin rəsmi olaraq Rusiyanın Ukraynaya qarşı müharibəsinə birbaşa dəstək verməsə də, Moskva ilə sıx strateji tərəfdaşlığını qoruyur.
Çin tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Ukraynalı rəsmilər qeyd edirlər ki, bu, Rusiya tərəfində döyüşən ilk Çin vətəndaşlarının tutulması halıdır və hadisə beynəlxalq səviyyədə ciddi rezonansa səbəb ola bilər.