Ermənistan Xarici İşlər Nazirliyi Ağveranda keçirilən Mher Qriqoryan və Şahin Mustafayev görüşünün gündəliyi ilə bağlı rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, 2026-cı il aprelin 29-da Ermənistanın Ağveran şəhərində Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin həmsədrliyi ilə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların 13-cü iclası keçirilib.
"PostMedia" xəbər verir ki, tərəflər komissiyaların 13-cü görüşünün yenidən tərəflərdən birinin ərazisində — bu dəfə Ermənistanın Ağveran şəhərində keçirilməsini məmnunluqla qeyd ediblər.
Görüş zamanı sərhədlərin delimitasiyası ilə bağlı təşkilati və texniki məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər aşağıdakı sənəd layihələrinin mətnlərini razılaşdıraraq qarşılıqlı şəkildə mübadilə ediblər:
“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası zamanı ekspert qruplarının iş qaydaları haqqında təlimat”
“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması qaydaları haqqında təlimat”
“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə sənədlərin hazırlanması və dərc olunması qaydaları haqqında təlimat”
Tərəflər bu təlimatların təsdiqlənməsi üçün öz hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər.
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da ayrıca fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, Azərbaycan ərazisi vasitəsilə Ermənistana yüklərin tranziti uğurla həyata keçirilir və hazırda davam edir.
Həmçinin Azərbaycanın Ermənistana neft məhsulları tədarük etdiyi vurğulanıb və bunun iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin formalaşdığını göstərdiyi bildirilib.
Görüş çərçivəsində işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə ticarət-iqtisadi əməkdaşlığın inkişafı, malların və xidmətlərin qarşılıqlı tədarükü, eləcə də tranzit daşımalarla bağlı müzakirələr də aparılıb.
Xüsusilə vurğulanıb ki, əldə olunan nəticələr Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olub.
Görüşün yekununda müvafiq protokol imzalanıb.
Tərəflər növbəti görüşün Azərbaycanın ərazisində keçirilməsi tarixini işçi qaydada razılaşdırmaq barədə anlaşma əldə ediblər.


